Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » May » 13 » RUHUN İSBATI
RUHUN İSBATI
18:30

       

              BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

   Bəhsin asan dərk olunması üçün əvvəlcə ruhun cismlə fərqi və ruhun cismlə rabitəsinin keyfiyyəti haqqında qısaca məlumat verməyi lazım bilirik. Eyni zamanda bu bəhsimizdə:- Yuxu nədir? Niyə bizim zahiri qüdrətimiz yuxuda bizi tərk edir? Doğru yuxuların sirri nədədir? Və s... kimi suallara cavab verməyə çalışacağıq.
   Bütün bunların hamısı bədənimizdə cismimizdən yuxarı qüdrətə malik olan bir qüvvənin olduğunu göstərir. Bizim bütün idrakımız onun sayəsindədir və yuxu vaxtı o bizim cismimizi tərk edir özü ilə həmtəraz müşahidələrdən sonra bədənə qayıdır və biz də əvvəlki halımıza qayıdırıq.Yuxu vaxtı ruh bədəndən ayrıldığı kimi ölüm vaxtı da ruh bədəndən xaric olur və sonra bədənə qayıdır. Əsl həqiqətdə ölüm uzun müddətli bir yuxudur ki, bərzəx aləmində ruh bədəndən ayrılıb mücərrəd aləmdə (bərzəx aləmində) qalacaq. İnsan yuxudan ayılanda ruh bədənə qayıtdığı kimi Qiyamətin günündə də həmin cür uzun müddətli fasilədən sonra ruh bədənə qayıdacaq və həşr başlanacaq. Yuxudan oyanıb durduğumuz kimi öləndən sonra da həmin qaydada dirildiləcəyik.
   Bizim əqidəmiz budur ki, insan cisim və ruhun tərkibləşməsindən əmələ gəlib. Cism bizim bədənimizin maddi hissəsini ruh isə mənəvi hissəsini təşkil edir. Ruhun varlığını iddia edən alimlər müxtəlif yollarla onu isbat etməyə çalışıblar:
1:- İnsandan bə`zən elə əməllər baş verir ki, onların maddə ilə heç bir əlaqəsi yoxdur. Məsələn, maddə daim bir haldan başqa hala keçir, amma bizim idrakımız sabit qalır. Əgər bizim idrakımız maddədən olsaydı onda gərək maddənin dəyişməyi ilə o da dəyişiləydi. Amma biz görürük ki, bizim idrakımız maddənin dəyişməsi ilə dəyişmir. Buna səbəb nədir? Deməli bizim cismimizdə dəyişməz bir qüvvə vardır ki, heç bir dəyişkənlik onda təsirini qoymur və biz də ona ruh deyirik.
2:- Biz hamımız özümüzü dərk edib varlığımızı etiraf edirik və bunda heç şübhəmiz yoxdur. «Mən» məsələsi ən vazeh məlumatlarımızdandır. Hətta qərbin böyük filosoflarından olub hər şeyə şəklə yanaşan Dekart bu əsası «biz düşünürük bəs deməli biz varıq» azacıq təfəkkürdən sonra qəbul edir. Bəs bu «mən» kimdir? Şübhəsiz «mən» maddi bədən deyildir. Çünki 70 yaşlı bədən 30 yaşlı bədən deyildir. Hətta bioloqlar da etiraf edirlər ki, insan bədənindəki hüceyrələr zaman keçdikcə ölüb yenisi ilə əvəz olunurlar. Bəs bu «mən» kimdir. Amma həmin bir yaşlı «mən» hər zamanda və hər bir yaşda həmin «mən»-dir. Nəticə çıxarırıq ki, «mən» cisimdən ayrı olan bir varlıqdır.
3:- Sadiq yuxular ruhun varlığına olan əsaslı dəlillərdəndir. Dəfələrlə eşitmisiniz ki, bə`zi insanlar yuxu görürlər bir müddət keçəndən sonra həmin yuxu eyni ilə zahirdə baş verir. Biz burada həmin yuxulardan söhbət açmaq istəmirik çünki adətən hər bir insan həyatı boyu özü az-çox bu yuxulardan görübdür. İndi isə soruşuruq bu yuxuların sirri nədir? 
   Yuxuda cismimiz yatır və ruhun azadlığı çoxalır, öz qüdrəti çərçivəsində cismdən qıraqda gələcəyi görür. Ruh özünün paklıq dərəcəsinə görə yuxusunun sadiqliyini aşikarda görür. Gərək fikirləşək ki, bu qüdrət nədir və insanın hansı vücudundan baş alır? Məlumdur ki, bu uzaq görənlik və gələcəkdə baş verəcək həqiqətləri kəşf etmək cismin gördüyü işlərindən deyildir. Deməli cismimizdə maddədən qüdrətli bir varlıq olmalıdır ki, bu cür qeyri adi işlər ondan zahir olur.
4:- Ruhları çağırmaq və hipnotizim indiki zamanda buna sübutdur. Təqvalı insanlar vardır ki, ölənlərin ruhları ilə əlaqədə olub onlardan kömək alıblar.
5:- Murtazların (cadugər) gördükləri bəzi qəribə işlərin səbəbi nədir. Bə`zən görürsən ki, 40 tonluq maşının altında qalır və ya onu hərəkət etməkdən dayandırırlar. Bəli bu işlər ruhun cismə qalib gəlməsi ilə əmələ gəlir.
    Qurani-kərim də ruhun bədəndən ayrı bir varlıq olduğundan xəbər verir.
  «Elə ki, Adəmi mötədil qamətli yaratdım və ruhumdan ona üfürdüm siz ona səcdə (tə`zm) edin». (Hicr. ayə 29) (Adəmi mötədil qamətli yaratdım) yəni əvvəlcə cismini yaratdım sonra isə onun və insaniyyətin zinəti olan ruhu bədəninə üfürdüm.
  «Ey Peyğəmbər səndən ruh haqqında soruşacaqlar və Sən onlara de:-Ruh Allahın əmridir ki, mənə onun haqqında azacıq məlumat verilib» (İsra. ayə 85)  
  «Biz insanı xəq edəndə nütfə kimi etibarlı bir yerdə qərar verdik. Sonra nütfəni laxtalanmış qan (ələğə) şəklinə saldıq (bu tərcümə mənim nəzərimdə dəqiq deyil amma bu haqda sonrakı bəhslərdə elmi əsasla öz tərcüməmizi verəcəyik). Sonra ələqədən əti (muzğə) düzəltdik. Sonra muzğədən sümük (izam) yaratdıq. Sonra sümüyü ətlə örtdük. Sonra onda ikinci bir məxluq inşa etdik. Yaradanların ən gözəlinə afərin olsun» (Mö`minin. ayə 14)  
  Ayədə insanın yaradılışındakı mərhələlər göstərilir. Əvvəl nütfə sonra ət sonra sümük və daha sonra Allah buyurur ki, bütün bu mərhələlərdən sonra tamam ayrı bir xilqət inşa etdik. Bu xilqət nədir? Əgər cismlə həm cinsdirsə onda ona tamam ayrı bir xilqət inşa etdik demək düzgün deyildir. Adı çəkilən tamam ayrı bir xilqət bəşərin ruhani xilqətidir ki, Allah-təala onun əzəmətinə görə buyurur: «Yaradanların ən gözəlinə afərin olsun» (Mö`minin. ayə 14) Yəni bədənə ruhani bir xilqət üfürməklə insan məxsus ləyaqətə malik oldu. Əgər insan ruhi varlığını tərbiyə etsə mələkdən yuxarı məqama yetişəcək əks halda ruhunu tərbiyə etməsə tənəzzül edib ən rəzil məqama enəcək. Bu ayələrdən çox gözəl surətdə aydın olur ki, ruh bədəndən ayrı olan bir varlıqdır.
                           RUHUN ƏBƏDİYYƏTİ
  Ruh mücərrəd varlıq olduğu üçün onun surəti yoxdur bu səbəbdən fani olmaz. Amma əşyanın surəti olduğundan fani olmaq ona məxsusdur. Ruhun əbədi qalmasının əsaslı dəlillərindən biri sadiq yuxulardır. Bə`zi insanların ölümündən sonra başqalarının yuxusuna gəlib müxtəlif şeylər haqqında danışmaları və onların doğru çıxması haqqında çox eşitmisiniz. Bə`zən yuxunu görən şəxs müəyyən bir şeyin həqiqətinə həmin yuxudan sonra nail olurr. Belə hadisələrlə bağlı xəbərlər həm şifahi və həm də bə`zi kitablarda öz əksini tapmışdır. Həmin sadiq yuxulardan birini sizin üçün nəql etmək yerinə düşər:
  «Mərhum Şeyx Əbbas Qumminin (bu alimin çoxlu sayda kitabları azərbaycan dilinə tərcümə olunb ki, oxucular onun qüdrətli qələm sahibi olmasından xəbərdardırlar) oğlu nəql edir:- Atamın şəxsi kitabxanası olmadığından çox vaxt kitabları oxumaq üçün əmanət alardı. Atam vəfat edəndən sonra bir gecə yuxuda gördüm ki, mənə deyir;- oğlum taxçada filan kitabı mən filankəsdən əmanət almışdım, kitabı ona qaytar. Səhər mən kitabı götürüb atam deyən mənzilə yollandım. Yağışlı gün idi. Mən sürüşüb yerə dəydim və kitabın üzü azacıq palçığa bulaşdı. Kitabı bulaşıq halda aparıb yuxuda atamın dediyi ünvana verdim. Ev sahibi kitabın onun olduğunu təsdiq edib gördüyüm yuxuya təəccüb etdi. Mən vəzifəmi yerinə yetirdiyimə görə xoşhal olub evə qayıtdım. Axşam atamı yuxuda gördüm ki, mənə dedi:- niyə kitabı bulaşıq halda sahibinə qaytardın».
   Səhv etmirəmsə təqribən 70-ci illərin axırı idi o zamanın «Trud» ya «Komsomolskaya pravda» qəzetində belə bir məqalə dərc olunmuşdu. Rusiyanın hansı vilayətində baş verdiyi də yadımda qalmayıb. Xülasə lokomotivin maşinisti istirahət edən vaxt köməkçi dəfələrlə qeyri adi bir vücudun sanki var gücü ilə özünü qabaq şüşəyə çırpdığını görür. Bundan qorxuya düşən köməkçi maşinisti oyadır və onlar qatarı saxlayırlar. Onlar aşağı düşüb piyada dəmir yol boyu maraqla qabağa gedirlər və bir qədər aralıda cavan bir qızın relsə bağlandığını görürlər. Sonralar məlum olur ki, hələ uşaq ikən qızcığazın anasi vəfat edibmiş. Məqalədə ruhun mövcudluğu haqqında uzun bir bəhs açılmışdı ki, mən onları təkrar yazmaq niyyətində deyiləm və həm də uzun müddət keçdiyindən təfsilatı ilə yadımda qalmayıb.
   Bu nümunələr doğrudan da ibrətamizdir ki, xəbərdarlıq fitini çalır. Əgər insanların ruhu onlardan sonra qalmayıbsa bəs bu işlərə səbəb nədir.
   Qurani-kərim də ruhun baqi qaldığına işarə edir:-«Mələklər özlərinə zülm etmişlərin canlarını alanda onlardan soruşacaqlar; yer üzündə necə keçinirdiz? Onlar deyəcəklər:-biz yer üzündə aciz idik. Mələklər deyəcəklər:- Məgər Allahın yeri geniş deyildi ki, siz də hicrət edəsiniz?» (Nisa. ayə 97) Ayədəki sorğu-sual ruhun baqi qalmasına işarədir. Çünki cism öləndən sonra sorğu onların ruhları ilə baş verir. Deməli ruh baqi qalmalıdır ki, onlarla sorğu aparmaq mümkün olsun. 
   Həbbə Ərani nəql edir:- «Əmirul-möminin (ə)-la birlikdə Kufədən kənara çıxdıq. Həzrət Vadius-səlam qəbristanlığında dayandı və elə bil ki, bir dəstə insanlara xitab edirdi. Mən də onunla dayandım. O qədər dayandım ki, axırda yorulub oturdum. Oturmaqdan yorulub təzədən ayağa durdum, yenə də yorulub oturdum. Yorulub təzədən durdum və çiynimdəki əbanı götürüb dedim:- Ya Əmirəl-möminin sizin bu qədər ayaq üstə durmağınıza görə narahatam heç olmasa bir azca istirahət edin. Sonra əlimdəki əbanı yerə sərdim ki, Həzrət onun üstündə otursun. Əmirul-möminin dedi:- Ey Həbbə mənim bu danışığım möminlərlədir.
Dedim:- Ya Əmirəl-möminin onlar da öz aralarında ünsiyyətdə olurlar?
Buyurdu:- Bəli, əgər sənin gözlərin önündəki pərdələr kənara çəkilsə onda görərsən ki, onlar dəstə-dəstə toplaşıb bir biri ilə söhbət edirlər.
Dedim:- Onların ruhlarıdır ya bədənləri?
Dedi:- Ruhları. Dünyanın hər bir nöqtəsində mömin ölsə onun ruhuna əmr olunacaq ki, Vadius-səlama getsin. Vadius-səlam Cənnətin bir güşəsidir».
   Hədisdən müşahudə edirsiniz ki, ruhlar bir biri ilə ünsiyyətdə olurlar. Bu ünsiyyət ruhun baqi qalması ilə mümkündür. Burada belə bir nəticəyə gəlirik ki, ruh ölmür, amma sözümüzün mənası bu deyil ki, məad ruhani olacaq. Xeyr məad cism və ruhla birlikdə olacaq. Məadın keyfiyyəti haqqında bəhs edəndə bu haqda danışacağıq.
                        YARADILIŞ ƏBƏS DEYİLDİR!
  Məadın olacağına dəlalət edən dəlillərdən biri yaradılışın əbəs olmamasıdır. Allahın bütün işləri məqsəd yönlüdür, çünki belə olmasaydı onda əbəs və bihudə olardı. Ümumiyyətlə ağıl və şüura malik olan hər kəs işi hikmət və məsləhətə uyğun olan surətdə görür. Allahın da işləri bu qanundan kənarda deyildir. Müddəamızı xaricdəki hadisələri müşahidə etməklə təsdiq etmək olar. Ulduzların və planetlərin hərəkəti, fəsillərin qanuna uyğun surətdə bir-birini əvəz etmələri və s.... bütün bunlar Qüdrətli və Həkim olan bir xaliqin varlığının nişanəsidir. Əgər məad olmasa bütün bunlar bihudə və mənasız olar. Çünki dünya əməl meydanıdır ki, burada əməllərə görə cəza və mükafat verilmir. Gözümüzün önündə nə qədər əyinlərinə yazıqlıq donu geymiş canavarlar vardır ki, insanlara müsəllət olublar və nə qədər pak, təqvalı insanlar vardır ki, tamam ömürlərini sədaqətlə yaşayıb heç bir kəsə zərər yetirmirlər. Bununla belə onların heç biri əməllərinin cəzasını bu dünyada almırlar. Əgər müəllim sinifdə, ailə başçısı ailədə və s.... belə nalayiq işlərdən görsə tez ona xəbərdarlıq edərlər. Belə olan surətdə Allah-təala ola bilməz ki, insanları xəlq etsin amma onları əməllərinə görə hesab kitaba çəkməsin. 
                    ALLAHIN ƏDALƏTİ
  Allah-təala insanları mükəlləf edib və peyğəmbərlər vasitəsilə onlara vacib olan məsələlərini çatdırıb. Bəşər iki yerə ayrılır. Bir dəstə tam qəbul edib bütün çətinliklərə baxmayaraq vəzifələrinə əməl edərlər. Amma ikinci dəstə nəfslərinə tabe olub müvəqqəti dünya ləzzətlərinə aludə olub hətta başqalarına zülm etməkdən həya etməzlər. İndi ağılın hökmünə əsasən bu iki dəstənin hüququ bir olmamalıdır. Çünki belə olduqda ədalətin mənası ilə müxalif olacaq. Allahın ədaləti budur ki, hər kəsin ləyaqətinə görə onun mükafatını və ya cəzasını versin. Dünyada əməllərin cəzasını almaq mümkün deyil bəs onda Allahın ədalət meyarına görə gərək qiyamət olsun ki, insanlar əməllərinin nəticəsinə yetişsinlər. «Hər kəs misqalın zərrəsi qədər xeyir iş görsə onun mükafatını alacaq və hər kəs misqalın zərrəsi qədər pis iş görsə onun cəzasını görəcək» (Zəlzələ. ayə 7-8) Bilirik ki, bu dünyada nə yaxşı əməl sahibi və nə də pis əməl sahibi əməllərinin nəticəsinə yetişmirlər. Əməllərin nəticəsində əvəz almağın yeri Qiyamətdir. Əgər Qiyamət olmasa onda bəndələrə vacibat təyin etməyin mənası olmaz.
FİTRƏTİN SƏSİ
  Hər bir insanın daxilindən daim məad nidası fəryad çəkir. Çünki hamı əbədi həyatın arzusundadır. İnsan təbiətin fövqündədir yəni həm mənəvi və həm də maddi varlıqdır. Amma ruh onun vücüdunun əslini təşkil etdiyi üçün gərəkdir ki, həmişə yuxarı aləmə tərəf hərəktdə olsun. Elə bu əsasa görə ölüm bir məkandan digər bir məkana köç etməkdir və dünyadan əbədiyyət aləminə seyr vasitəsidir. Əmirul-möminin buyurur:- «Ölümlə dünyadakı həyat başa çatır və dünya ilə axirət ələ gəlir» (Nəhcül-bəlağə. xütbə 156) 
  Ölümlə dünyadakı həyat başa çatır amma həyatın özü bitmir əsl həqiqətdə axirətdəki həyat başlanır. «Ey camaat əbədiyyət üçün xəlq olunmuşuq fəna üçün yox, ölməklə bizi bir aləmdən digərinə köçürürlər» ( Biharul-ənvar. cild 10 səh 182) Ölüm vaxtı ruh bədəndən xaric olur və bədənin maddi quruluşu dağılır və öz əvvəlki surətini əldən verir, amma maddənin əsli qalmaqda davam edir. 
           XACƏ NƏSİRUDDİN TUSİNİN MƏAD HAQQINDA DƏLİLİ
  Xacə deyir: «İki oxşar şeyin hökmü eynidir. Həm əqli və həm də nəqli dəlillər qiyamətin baş verəcəyinə dəlalət edir. İZAH:- Dünya mümkün varlıqlardan olduğu üçün Vacibin (Allahın) qüdrəti ilə vücuda gəlib. Axirət də əqlin hökmü ilə mümkün varlıqlardandır. Yəni onun qeyri mümkünliyinə sübut yoxdur. Bəs axirət də dünya kimi mümkün varlıq olmaq cəhətindən eynidir. Yəni Allahın qüdrəti ilə var olacaq.
  Amma nəqli dəlil:- «Aya inadkarlar dərk etmədilər ki, yeri və göyləri xəlq edən Allah onların oxşarını da yaratmağa qadirdir» (Qurani-kərim).

  Hacı Elman İbadov                              kerrar@mail.ru  


  [Məqalələr] | Oxunub: 1211 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  May 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz