Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Mart » 3 » Dua Allahın rəhmət qapısının açarıdır.
Dua Allahın rəhmət qapısının açarıdır.
22:15

            Bağışlayan və mehriban Allahın adı ilə

    Insan xəta etdiyi üçün bağışlanmağa ehtiyacı vardır. Bir yerdən qovulan həmişə elə bir məkan axtarır ki, onu orada mehriban və nəvazişlə qarşılasınlar. Orada dərdini söyləyəndən sonra ona mərhəmət etsinlər. Dua həmin mərhəmətlə açılmış Allahın rəhmət astanasıdır. Allah-taala bizə onunla söhbət edib dərdimizi deməyə icazə verib. Onun bizim istəyimizə qulaq asıb duamızı qəbul etməsi bizə olan nəhayətsiz rəhmətinin təzahürüdür. Dua bəndənin Allah dərgahına olan eşqini və ehtiyacını izhar etmək vasitəsidir. Nə qədər ki, dua qapısı üzümüzə açılıb fürsəti qənimət bilib gərək Xaliqimiz vasitəsilə istədiyimizə nail olaq. İmam Əli (ə) buyurur:“Əməl edin! Sizə əməl etmək üçün verilmiş fürsəti əldən verməyin. Əməl Allah dərgahına gedir və tövbə sahibinə fayda verir. Etdiyiniz dua Allah dərgahında eşidilir ki, ürəklərə sakitlik gətirir. Bütün bunların hamısı Allah dərgahında yazılır. Ömür başa çatmamış, xəstəlik ya ölüm sizə mane olmamış yaxşı işlər görmək üçün biri digərinizdən qabağa keçin” (Nəhcul-bəlağə. xütbə 230)

Əli (ə)-ın bu kəlamı göstərir ki, tövbə və əməl etmək üçün həmişə fürsət olmur. Həmişə dua qəbul olmur və ölümdən sonra əməl etməyə macal olmadığı kimi insanın istəklərinə də mahal qoyulmur. Allahın bəndələrinə olan ən böyük lütfü onlara dərgahına əl qaldırıb razu-niyaz etməyə icazə verməsidir. Allah-taala müqəddəs Qurani-kərimdə bəndələrinə buyur:-“Məni çağırın və Mən də sizin istəklərinizi icabət edim” (Mömin, ayə 60) 
İmam Əli (ə) buyurur: “Allah rəhmət xəzinəsinin açarını sənin əlinin içində qoyub, bununla sənə icazə verib ki, ondan hacətini istəyəsən. Hər zaman istəsən o nemət xəzinəsinin qapısını dua ilə açarsan. Ondan rəhmət yağışını yağdırmağı tələb edərsən. Əgər duanın icabəti (qəbulu) geciksə səni naümid etməsin” (Nəhcul-bəlağə. xütbə 230)
Həkim Səbzəvari deyir: 
İki əlimi dua üçün dərgahına qaldırdım Ey iki aləmin sahibi bu gədaya da bir bax,
Lutf qılıb adını zikr etməyi m ənə izn verdin, Əgər iznin olmasaydı Sən hara mən hara.
İlahi ruzi və rəhmət insanlara dua sayəsində şamil olur. Bizim bəndə olmağımız Allah dərgahından bütün hacətlərimizi xahiş, nalə və zəlilanə istəməyi bizdən tələb etdiyi halda Allahın kərəmi və lütfü bəndəsinə hacətlərini verməyi tələb edir. Bu arada dua açar rolunu oynayır və möhtac bəndəni İlahinin rəhmət dəryasına calaşdırır. Əgər saleh övlad, firavan ruzi, sağlamlıq, xeyir, bərəkət, günahlardan çəkinmək, arzuya çatmaq və..... bütün bunlar İlahi rəhmətdirsə onların açarı duadır. Hər kəs İlahi dərgaha üz tutsa Allah da rəhmət qapılarını onun üzünə açacaq. Əmirəlmöminin Əli (ə) imam Həsənə vəsiyyətində buyurur: “Yerin və göyün xəzinələri əlində olan Allah sənə dua etməyə izn verib. Duanı qəbul etməyi də öhdəsinə götürüb. Sənə əmr edib ki, hər şeyi ondan istəyəsən və ondan rəhmət diləyəsən ki, bütün istəklərini yerinə yetirsin. Özü ilə sənin aranda bir kəsi qərar verməyib ki, səni ondan ayırsın. Səni vasitələrin üstünə həvalə etməyib. Əgər pis bir iş görsən tövbə etməyinə mane olmayacaq. Səni cəzalandırmağa da tələsməyəcək. Ona tərəf qayıtsan səni məzəmmət etməyəcək. Rüsvay olmağa layiq olduğun yerdə rüsvay etməyəcək. Tövbəni qəbul edəndə çətinliyə salmaz. Rəhmətindən naümid etməz. Elə günahından əl çəkməyini sənə savab kimi yazacaq. Hər bir günahını bir günah kimi hesaba alacaq, amma bir yaxşı əməlini on bərabər sayacaq. Tövbə qapısını üzünə açıq qoyub. Onu çağırsan səni eşidəcək. Onunla nəcva etsən (xəlvətdə danışsan) nə istədiyini biləcək. Sən də hacətlərini və şikayətini onun dərgahına apar ki, sənə kömək etsin” (Nəhcul-bəlağə, məkltub 31)
    Əziz oxucu Əli (ə)-ın bu məntiq dolu kəlamları Allah xəzinəsinin açarının “dua” olduğunu sübuta yetirir. Duanın bəndə ilə Xaliq arasında aşiqlik əlaqəsi olduğunu biləndən sonra gərək bəndə məşuqunun hüzurunda qəlbini boşaltsın. Bu yolda yalvarmaqdan yorulmasın və Allahın həmsöhbətinə çevrilsin. 
Əli (ə) buyurur:-“Allaha nida etsən səni eşidər, nəcva etsən xəbərdar olar”. “Nida” uca səslə çağırmağa deyilir. “Nəcva” astaca danışmağa deyilir. Allah üçün yaxın və uzaq məsafənin heç bir məfhumu yoxdur. Allah həmişə bəndəsinin səsini eşitmək istəyir. Allah bəndəsinin səsini yalnız çətin anlarda eşitmək istəmir, hətta bəndənin xoş anlarında belə Allahı yad edib çağırması İlahi rəhmətin artmasına səbəbdir. Bəndənin yalnız çətin anlarda Allahdan imdad istəməsi onun mərifətsizliyinin nişanəsidir. Şeytan insanı daim ilahi rəhmətdən qafil etməyə çalışır. Dua Allah ilə bəndə arasaında rabitənin bərqərar olduğunu göstərir. Kamil insan kimi formalaşıb istəklərinin yerinə yetməsi üçün gərək bu rabitə həmişəlik olsun. Çətinliklə rastlaşanda dua edib Allahdan yardım istəsək, xoş günlərimizdə Onu unutsaq, nəticədə özümüz unudulmuşlardan olacağıq. Duadan yalnız günahkarlar deyil, iman sahibləri də gərək istifadə etsinlər. Allah dərgahında mərifət və məqam sahibləri olan bəndələr də dua etməkdən qafil olmamalıdırlar, çünki Allah hamının Allahıdır.
                          Bəlaların qalxanı duadır
    Dua həmişə Allahdan nemət və rəhmət istəmək üçün deyil. Bəzən də bəla və əzbları dəf etmək üçün bəndə duaya əl atır. Necə ki, insanlar bəzən su ehtiyatı yığmaq üçün bənd qurur, bəzən də çayların tüğyan edib ətrafı viran etməsinin qabağını almaq üçün bəndlər qurmağa möhtac olurlar. Bəndə bəzən dünya və axirətdə İlahi nemətləri ələ gətirmək üçün və bəzən də bəlalardan və rüsvay olmaqdan yaxa qurtarmaq üçün duaya sığınır. Əli (ə) buyurur: “Bəlaların tuğyan etməsinin qabağını dua etməklə alın”!
   İnsan həyatı boyu bəla və əzablarla qarşılaşır. Bəlaların bəziləri onun etdiyi əməllərin nəticəsidir. Nagəhan ölüm, məişətindəki çatışmazlıqlar və müxtəlif xəstəliklərə mübtəla olması kimi və s. Bəzən də, bu bəlalar sair insanların əməllərinin nəticəsi olaraq onu da öz girdabına alır. Amma insanın etdiyi dua bu bəlaların bəzilərinin qarşısını alıb, onu bəndədən dəf etməyə qadirdir. Əli (ə)-ın öyrətdiyi “Kumeyl” duasında çox gözəl ibarətlə bu mətləb bəyan olunur:“...İlahi nə qədər insanın belini sındıran bəlaları məndən dəf etmisən!” Çünki hər bir insan həmişə bəlalarla üzləşir. Heç kəsə əbədi nemətlərin və asayişin olması haqda zəmanət verilməyib. Ona görə də insan istər bəlalı olsun, istərsə də amanda həmişə duaya möhtacdır. Əli (ə) buyurur: “Güman etməyin ki, bəlaya mübtəla olmuş insanın sağlam və nemət içində olandan daha çox duaya ehtiyacı var”. (Nəhcul-bəlağə. hikmət 3.2)
    Kafirlər və fasiqlər həmişə öz mal-dövlətləri ilə fəxr edib öyünüblər. Onlar məğrur halda güman edirlər ki, həmişə bu var dövlətin içində keyf çəkəcəklər. Qurani-kərim dəfələrlə xəbərdarlıq edir ki, içində üzdüyünüz nemətləri əlinizdən alanda, kim onları sizə qaytara biləcək?  
    “Ey insanlar! Göylərə hakim olan Allahın əzabından özünüzü amanda sanırsınız, yerin aralanıb sizi udandan sonra yenə də hərəkətini davam etdimərsinə əmr etməyəcək?* Yaxud göylərə hakim Olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyindən arxayınsınız?! Tezliklə Mənim sizə verdiyim əzab vədəsinin necə olduğunu biləcəksiniz. * Onlardan qabaqkı ümmətlər də İlahi ayələri inkar etdilər, amma gör Mənim onları cəzalandırdığım əzabım necə şiddətli oldu.* Onlar başları üstündə dəstə-dəstə qanad çalıb süzən quşları görmürlərmi? Onları göydə ancaq Rəhman saxlayır. Həqiqətən, o Allah hər şeyə agahdır!* Sizin hansı ordunuz sizi Rəhmanın əzabından qurtara bilər?! Kafirlər sadəcə olaraq, məğrurdurlar.»
Bəlaların, afətlərin, zəlzələlərin və müxtəlif hadisələrin müqabilində özünü amanda sanmaq qəflətdə olmağın nişanəsidir. Allah dərgahına sığınıb bəlaların dəf olması haqda dua etmək və bəlanı tanıyıb ondan necə nicat tapmağın yolunu bilmək mömin insanlara məxsus xislətdir. Belə insanlar Allahın bəla qarşısını almağa qudrəti olduğunu dərk etdikləri üçün həmişə və hər bir halda dua ilə məşğuldurlar. İmam Əli (ə) buyurur:“Qəm və qüssələrin olanda dua ilə Allah dərgahına şikayət edirsən. Müşkülləri dəf etməyi ondan tələb edirsən və arzularına çatmaq üçün ondan kömək istəyirsən”. (Nəhcul-bəlağə. məktub 31) Dua əhli gecə-gündüz xəzan olmuş xəstə ürəyini Allahı yad etməklə təravətləndirib gülüstana döndərir. Duanın nəsim yeli onun qəlbini oxşayıb qəlbini gülşən edir. Çünki onun Allah kimi bir söykənəcəyi var.

  Hacı Elman İbadov                                       kerrar@mail.ru

  [Məqalələr] | Oxunub: 2350 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Mart 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz