Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Fevral » 23 » QƏBIR EVİ
QƏBIR EVİ
17:38

        Bağışlayan və mehriban Allahın adı ilə

    İnsanlar həyatda həmişə rastlaşdıqları ölüm adlı bir həqiqəti daim özlərindən uzaqlaşdırıb onun haqqında fikirləşməməyə çalışırlar, amma eyni zamanda onun haqq olduğunu inkar edə bilmirlər. Ölüm nədir? İnsan öləndən sonra onun soyuyub taxtaya donmüş cismi ilə nə baş verir? Bəziləri belə güman edirlər ki, insan öləndən sonra ruh bədənindən ayrılıb çıxır və hansısa bir məkana pərvaz edir. Bu da müxtəlif sualların meydana çıxmasına səbəb olur. Nəticədə qeyri müəyyənliyə gətirib çıxarır.

    Fitri istedadı ilə fəlsəfə aləminə qədəm qoymaqla bütün dünya alimlərini heyrətə gətirmiş (istər materya və istərsə də metafizika aləmini təsdiqləyənlər) böyük mütəfəkkir və filosof Molla Sədra “Zadul-məad” kitabında deyir:- “ Ruhun cismlə əlaqəsi qırılandan sonra ölüm baş verir”  

   Ölüm və ölümdən sonrakı həyat haqqında əlimizdə olan Peyğəmbər və mə`sum imamların buyurduqlarını nəzərdən keçirsək Molla Sədranın sözünün nə dərəcədə həqiqətə uyğun olduğunu dərk edərik. İmam Sadiq (ə) buyurub:- “Hər kəs üç şeyi inkar etsə, o bizim şiələrimizdən deyil;- Peyğəmbərin me`racını, qəbr evində olunan sualı və bizim şəfaətimizi” (Əmali Səduq. səh 242)

    Hədisdəki “qəbr evində olunan sual” ibarətindən məlum olur ki, ölmək bəzilərinin düşündüyü kimi fani və heç olmaq deyildir. Əksinə ölümdən sonra yenə də həyatın davam etdiyi məlum olur. Amma əvvəlki həyatdakı işlərinə görə hesab verəndən sonra ikinci həyatı başlayır. Əgər ölümdən sonrakı həyat olmasa onda qəbr evində sualın faydası olmaz. Sonra Imam Sadiq (ə) belə buyurur:- “Mö`min öləndən sonra onu qəbr evinə yetmiş min mələk müşayət edər. Qəbr evinə qoyulandan sonra Nəkir və Münkər adlı mələklər onun yanına gələrlər. Onu qəbrdə oturdub deyəcəklər:-Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Onların cavabında deyəcək:- Allah mənim Rəbbimdir, Muhəmməd (s) mənim peyğəmbərimdir və İslam dinimdir. Onda həmin mələklər onun gözünü işıqlandırıb cənnətdən onun üçün təam gətirəcəklər. Ona rahatlıq və təskinlik verəcəklər, necə ki, Allah-təala Qurani-kərimdə buyurur:- “Əgər can verən Allaha yaxın olanlardan olsa onda O, cənnətdə rahatlıq və bol ne`mət içində olacaqdır” (Vaqiə. ayə 88 )

    Hədisdə deyildiyi kimi qəbr evində mələklər insandan onun rəbbi, dini və s... şeylər haqqında suallar edəcəklər. İndi əgər vəfat etmiş şəxs hətta rəbbinin kim olduğunu bilməsə onda onun halının necə olacağını təsəvvür etmək çətin deyildir. İnsanların demək olar ki, hamısı Allaha inandıqlarını iddia edirlər. Bu iddia fəqət müəyyən bəhanələrdir ki, bəzi insanlar bu cür bəhanələrlə özlərini “Allahı tanıyan bir bəndə” kimi tanıtdırmağa çalışırlar. İmam Zeynul-abidin (ə)- buyurur ki;- “Bə`zi insanların əllərinə haram keçmədiyi üçün özlərini mö`min kimi göstərirlər, amma elə ki, haram əllərinə keçər onu loğma-loğma udarlar.”

    Lakin bu dünyada Allah dərgahına heç vaxt üz tutmayıb, ancaq dildə “mən müsəlmanam və Allahımı tanıyıram” deyib qəbr evində sual olunan şəxsin yuxarıda deyilən hədisə görə halının necə olacağı aydın görünür. Allahı tanıyıb ona həqiqi bəndə olanlar qəbr evindəki sualdan sonra “Vaqiə” surəsinin 88-ci ayəsindəki vədə olunmuş nemətlərə yetişəcəklər və qiyamətin gününə qədər o ne`mətlər içində üzəcəklər. Amma bu dünyada fəqət fəsad törətməklə məşğul olanların halı nə cür olacaq?     İmam Sadiq (ə) buyurub:- “Kafir öləndən sonra Cəhənnəmin yetmiş min əzab mələkləri onu qəbr evinə müşayət edəcəklər. O, tabutda qəbr evinə aparılanda (ins və cindən başqa hər şey onun fəryadını eşidəcək ) haray çəkəcək ki, -“Məni yenidən dünyaya qaytarın, mən mömin olacağam, etmədiyim saleh əməlləri əncam verəcəyəm.” Cəhənnəmin yetmiş min əzab mələkləri deyəcəklər:- “Yalan danışır, bunlar bu gün onun boş sözləridir. Bundan sonra Qiyamətin gününə qədər Bərzəx aləmində olacaq”. (Mö`minin. ayə 100)

    İmam Sadiq (ə) buyurur:-“Onların bu yalvarışlarının cavabında deyiləcək,-“Əgər səni qaytarsalar yenə də qadağan olunmuş işlər görəcəksən”. Elə ki, onu qəbrə qoyacaqlar, camaat ondan ayrılacaq bu zaman Nəkir və Münkər çox heybətli surətdə qəbrə daxil olub onu oturdacaqlar. Ondan soruşacaqlar;-Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir?və s..... O, isə cavablarında deyəcək:- Bilmirəm. Mələklər deyəcəklər:- Bilmirsən deməli haqqa hidayət olmamısan və nəticədə nicat tapmamısan. Sonra mələklər onun qəbrindən cəhənnəmə bir qapı açacaqlar. Cəhənnəmdən qəbrə qaynar çirkab sular axacaq”  

 Peyğəmbər (s) buyurub:- “Qəbr evi ya cənnət bağlarından bir guşədir, ya da cəhənnəm quyularindan biridir” İnsanın ruhu bədənindən çıxandan sonra onun xoşbəxt və ya bəlalı günləri başlanır. Çünki əgər insan saleh əməl sahibi olsa, onun axirət evinə yollananda birinci qədəmi şadlıqla başlanır və can verməsi də rahat olur. Amma əgər fəsad əhli olsa, o ölümünü dəhşətli şəkildə qarşılayacaq və onun can verməsi çox ağır olacaq. Mömin can verəndə Allah Ölüm mələyinə onun canını daha rahat almağı əmr edir.  

    Allah-taala Qurani-kərimdə buyurur:- “Amma əgər ölən haqqı inkar edib, yolunu azmışlardan olsa qəbr evinə qoyulandan sonra cəhənnəmdən qəbrinə qaynar çirkab sular axacaq və axirətdə onu əzab mələkləri cəhənnəmə atacaqlar” (Baqiə. ayə 93-94)

    Bəzi insanlar özlərinə ürək-dirək vermək üçün bu dünyadan başqa ikinci bir həyatın olduğunu inkar etməklə qəbr evindəki sualı və əzabı inkar edirlər. Bunun üçün də əllərində “o dünyadan kim xəbər gətirib” sözünü bayraq edərək, mən öləndən sonra məni atın xəndəyə və bəziləri isə çılğınlıq edib, öləndən sonra cəmdəyimi atın itlərə deyir. Əlbəttə onun sözünə əməl etmək olar, amma burada bir problem meydana çıxır. Çünki insan öləndən sonra bədən çürüyüb dağılmağa başlayanda dəhşətli dərəcədə üfünət iyi aləmi götürür. Əgər belələrinin sözlərinə əməl olunsa və öləndən sonra cəmdəkləri yol basdırılmadan yol qırağına atılsa nəticədə onların ölüləri də diriləri kimi insanlar üçün zillətə çevriləcək.

    Allah- taala insanı heyvandan şuur və dərrakəyə malik olması ilə fərqləndirib. Ağıllı insan həmişə ehtimal olunan zərəri özündən dəf edər. İmam Sadiq (ə) Kə`bə evini təvaf edərkən Casiliq adlı bir mulhid ona yaxınlaşdı və dedi:- Cəfər ibni Muhəmməd sizsiniz? İmam buyurdu:- Bəli. Casiliq:- “Mənim sizə bir neçə sualım var, istəyirəm onlara sizin özünüzdən cavab alım. Siz iddia edirsiniz ki, Allah var. Əgər O, varsa haradadır, biz onu niyə görmürük? İnsanların bütün işlərinə görə onlardan hesab alacaq deyə, ömrünüzü onu ibadətlərə sərf edirsiniz?” İmam Sadiq (ə) buyurdu: -“Sən yerin və göyün bütün qatlarını qarış qarış axtarmısan ki, indi inamla onun yoxluğunu inkar edirsən? Bəli bizim əqidəmiz budur ki, yeri göyü xəlq edən Allahdır və O, insanların əməllərinə görə onlardan sual edəcək.” Casiliq:- Xeyir axtarmamışam.

    İmam Sadiq (ə)buyurdu:- Belə olduğu halda hansı əsasla onun varlığını inkar edirsən, bəlkə Allah oralardadır. (Diqqət! İmam Sadiq (ə) bu cavabı ilə Allahın bir məkanda olduğunu söyləmək istəməyib. Casiliq mulhid olduğu üçün İmam onun dili ilə başa salmağı məqsədə uyğun bilib) Bizim əqidəmiz budur ki, yeri göyü xəlq edən yeganə və qadir olan Allahdır və insanlara bir sıra əməlləri həyata keçirməyi vacib edib. Allah insanların əməllərinin muqabilində onlardan sorğu-sual edəcək. Fərz edək ki, ölüb qəbrə qoyulandan sonra gördük ki, axirət dünyasından, qəbr evindəki sual-cavabdan və cəhənnəm əzabından heç bir xəbər yoxdur onda bizimlə sizin aranızda heç bir fərq olmayacaq. Biz də bu dünyada Allahın varlığına inanıb bir sıra ibadətləri etdiyimizə görə heç bir zərər etməmişik. İndi əgər əksinə öləndən sonra gördük ki, yox xəbər var, hesab kitab var, cənnət və cəhənnəm var. Allahın əzab mələkləri fəsad əhlini cəzalandırmaq üçün əllərində odlu dəyənəklər onları gözləyirlər onda bizimlə sizin aranızda fərq olacaq. Biz nicat taparıq, amma siz bədbəxt olacaqsınız. çünki o gün əməl günü deyil hesab vermək günüdür”.

    Əmirul-mö`minin (ə) buyurur:- “Ölümdən sonra qiyamət günündən qabaqkı savab və əzabı inkar edənlərin cavabında Allah-taala Qurani-kərimdə buyurur:- “Qiyamətin günündə yalnız Allahın izn verdiyi kəslər danışacaqlar. Onların bir qismi bədbəxt və bir qismi xoşbəxt olacaq. Amma bədbəxtlər cəhənnəmdə od içində olub sızıldayıb inildəyəcəklər. Yer və göy var ikən onlar orada qalacaqlar. Məgər Allahın istədiyi insanlar o əzabda olmayacaqlar. Allah istədiyini edəndir” (Hud. ayə 105) Məqsəd qiyamətin günündən qabaqkı əzabdır ki, hələ yer və göy olacaq, amma qiyamətin günündə onlar yox olub ikinci bir dünya həyatı başlanacaq”

“Onlar qiyamətin gününə qədər (günahkarlar) gecə-gündüz cəhənnəm odunda yandırılacaqlar. Və qiyamətin günündə əmr olunacaqdır ki, “Ali Fironu ən şiddətli əzaba daxil edin!”(Ğafir. 46) Qiyamətin gecə və gündüzü yoxdur. Bu gecə və gündüz dünya həyatındadır”.

    Mə`lum olur ki, qiyamət günündən öncə hələ qəbr evində əzab və savab insana yetişir. Daha qorxulusu ölümünün ilk günündən bu əzablara düçar olmaqdır. Ağıllı insan heç vaxt müvəqqəti ləzzətə görə özünü əbədi əzab və bədbəxtliyə düçar etməz. İnsanın həyatı üç mərhələdən ibarətdir. Dünya həyatı, Bərzəx aləmində həyat və Qiyamətdən sonrakı aləm. Bu aləmlərin hər üçündə insan üçün səadət, ləzzət, ruzi, dərd və möhnət mövcuddur. Amma o iki aləmdəki həyat (Bərzəx və qiyamətdən sonra) dünyadakı həyatdan asılıdır. Dünyadakı səhih əqidələr və saleh əməllər o iki aləmdə səadətə səbəb olacaq. Batil əqidələr və günahlar insanı bərzəx və axirət əzabına mübtəla edər. Beləliklə də məlum oldu ki, insan üçün üç dünya və aləm mövcuddur. Birincisi materya aləmidir ki, bu dünyada həmin aləmdə yaşamağın keyfiyyəti hamıya məlumdur. İkinci aləm Bərzəxdir ki, insan əcəl yetişəndən sonra o aləmə köçür. Onda ruh maddi bədənin timsalında qərar tutur, amma heç bir dəyişkənliyə uğramadan öz həyatına davam edir. Nəhayətdə insan Böyük Qiyamət aləminə qədəm qoymaqla əbədi dünyası başlanır. Bu zaman ruh yenidən maddi bədənə qytarılacaq və özünün əbədi həyatına başlayacaq. Amma bir fərqi vardır, Qiyamət aləmində Cənnət əhlinin heç bir narahatlığı olmaz. Amma Cəhənnəm əhlinin əzabının dərəcəsi bizim dərrakəmizdə təsəvvür olunmazdır.

    Dünya əslində əkinəcək yerinə bənzər ki, onun xeyrini və ya zərərini insan axirətdə görəcək. Dünya imtahan yeridir həmin imtahanın nəticəsini Qiyamət günündə görəcək. Onda məlum olacaq ki, dünya aləmində yiğdığı sərmayə onun zərərinədir ya xeyrinə. Bəzən insan bu dünyada bəzi bəlalara mübtəla olur və belə bir sual meydana çıxır ki,- insan bu dünyada etdiyi günahların cəzasını görəndən sonra görəsən bununla da Qiyamətin əzabından xilas olurmu? Bu haqda bir qədər dərindən fikirləşəndə məlum olur ki, ola bilməz kiminsə həyatına son qoymuş və ya kiməsə zülm və sitəm etmiş insan bu müvəqqəti dünyada xırda bir əzabı dadmaqla canı qurtarsın. Çünki etdiyi zülmün və sitəmin ağırlığını yalnız Qadir olan Allah bildiyi üçün o biri aləmdə onun cinayətinin həqiqi və layiqli cəzasını verəcək.

    Bəlkədə axirət aləminin ən maraqlı suallarından biri də budur:-“Görəsən Qiyamətdə həddi buluğa çatmadan dünyadan gedən uşaqların halı necə olacaq?” Mərhum Şeyx Səduq “Tohid” kitabında bu haqda məsum imamlardan 13 hədis nəql edibdir. O cümlədən Mərhum Əllamə Məclisi “Həqqul-yəqin” kitabında yazır:- Biz bilirik ki, Allah-təala adildir və heç vaxt bəndələrinə zülm rəva görməz. Elə bu səbəbdən Allahın ədaləti bunu tələb edir ki, onları öz rəhmətinə şamil etsin. Allah-təala heç zaman höccət tamam olmadan onlara əzab verməz. Mərhum Şeyx Koleyni Zürarədən nəql edib;- İmam Sadiq (ə)-dan Qiyamətdə həddi buluğa yetişməmiş dünyadan gedən uşaqllar haqqında nə deyərsiniz deyə soruşdum?”

    İmam Sadiq (ə) buyurdu:- Rəsulullahdan (s) bu uşaqlar haqqında soruşulanda buyurdu ki, Allah-təala özü yaxşı bilir ki, onlarla necə rəftar etsin. Yəni onlar haqqında fikirləşməkdən əl çəkin. Onların hökmünü Allahın öhdəsinə qoyun”. Əgər biz Allah-təalanı həkim və alim biliriksə onda bunu dərk etməliyik ki, o Alim olan Allah heç kəsi səbəbsiz cəhənnəmə aparmayacaq. Hətta bütpərəst ailəsində doğulmuş uşağı Allah heç vaxt əzaba mübtəla etməyəcək.

       Hacı Elman İbadov                                                                kerrar@mail.ru

  [Məqalələr] | Oxunub: 1300 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Fevral 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
232425262728
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz