Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Yanvar » 29 » MƏADIN YƏQİNƏN OLACAĞI HAQDA QURAN VƏ HƏDİSLƏRDƏN XƏBƏRLƏR
MƏADIN YƏQİNƏN OLACAĞI HAQDA QURAN VƏ HƏDİSLƏRDƏN XƏBƏRLƏR
16:44

                                 

                         Bağışlayan və mehriban Allahın adı ilə

                                    CİSMANİ MƏAD
  Üsuliddinin beşinci və sonuncu əsası «Məad»-dır. Yəni bizim əqidəmiz budur ki, ölüm həyatın başa çatması deyildir. Əqidəmiz budur ki, ölüm dünya həyatının sonu və ikinci həytın, əbədi axirət həyatının başlanğıcıdır. Deməli ölüm bu dünya ilə əbədi axirət dünyası arasında bir körpüdür. Məaddan məqsəd insanların ölümdən sonra ikinci dəfə dirilib Allahın ədalət məhkəməsinə gətirilib etdikləri əməllərinə görə cəza və ya mükafat almalarıdır.
  Ümumiyyətlə ölümdən sonra ruhun bədənə qayıdıb Allahın ədalət məhkəməsinə gətirilib dünyada etdiyi əməllərin cəzasına yetişməsinə məad deyilir.
  Məad bütün ilahi məktəblərin əsas təfəkkür nöqtəsidir. Məad bəhsi həmişə ilahi və maddi məktəblər arasında əsas fikr ayrılığı olub. Çünki ilahi məktəbin tərəfdarları məada mötəqiddirlər, amma ixtilaf etiqadın keyfiyyətindədir.

                                            MƏADIN İSBATI 
  Məadın haqq olduğu necə isbat olunar? Məada aid olan dəlillər hansılardır?
  Qurani-kərim məad məsələsinə çox əhəmiyyət vermişdir. Qurani-kərimdə məada aid olan ayələr başqa mövzulara aid olan ayələrdən sayca çoxdur. Qurani-kərimdə məada aid olan ayələr müxtəlif şəkillərdə gəlibdir ki, onların bəziləri məadın yəqinən ollacağını və bəziləri məadın necə baş verəcəyini bəyan edir. Bu məqaləmizdə məad haqqında bir neçə ayəni diqqətinizə çatdiracağıq.
  Təzəkkür:- Bizim əqidəmizə görə yalnız Qurani-kərimin nəzəri kifayətdir, bunun da əqli sübütu vardır. Çünki hamımız Qurani-kərimin səmavi kitab oluğunu bilirik. Qurani kərim məadın vücudunu bizə elan edərək dəfələrlə bizə xatıladıb. Bu da məadın isbatı üçün kifayədir. Məadın bəzi mərhələlərinin isbatının həzmi bir qrup insanlar üçün çətin olması mühüm bir məsələ deyildir. Bununla belə insanın həqiqəti axtarmaq ruhiyyəsi və müxtəlif mətləbləri kəşf etmək xasiyyəti bizi vadar edir ki, bu haqda daha çox axtarışlar aparaq.
 
       
 MƏADIN YƏQİNƏN OLACAĞI HAQDA QURANDAN XƏBƏRLƏR
  “Allahdan başqa heç bir Allah yoxdur, Sizin hamınızı Qiyamətin günündə bir yerə cəm edəcək ki, onda heç bir şübhə yoxdur. Allahdan daha doğru danışan kimdir?” (Nisa. ayə 87) Bu ayədə Allah-təala Qiyamət gününün yəqinən olacağını təkidlə vurğulayır. Ayədə Allah-təala Qiyamətin baş verəcəyini bir cümlədə üç dəfə təkidlə xəbər verir və onun ardınca yenə də xatırladır ki, bizim sizə verdiyimiz bu xəbərdə heç bir şübhə yoxdur. İndi isə əgər biz ayəni dəqiq söz bə söz tərcümə etsək belə olacaq;- “yəqinən, yəqinən, yəqinən Sizin hamınızı Qiyamətin günündə bir yerə cəm edəcək ki, onda heç bir şübhə yoxdur” Ayənin axırında Allah-təala bütün bu təkidlərə baxmayaraq bir qurup inadkar və qanmazların bunu inkar edəcəklərini bildiyi üçün növbəti və çox lətafətli bir təkidlə sözünü tamamlayır. “Allahdan daha doğru danışan kimdir?” Yəni olmaya buna şəkk edəsiniz çünki Allah doğru danışan özü də hamıdan doğru danışandır.
  “Kafirlər güman edirlər ki, öləndən sonra bir daha dirilməyəcəklər, ey Peyğəmbər! Onlara de ki, and olsun Pərvərdigarıma yəqinən sizi dirildəcəklər. Sonra dünyada etdikləriniz əməllərə görə mükafatlarınız veriləcək” (Təğabun. ayə 7)  
  Ayənin əvvəlində deyilir ki, məadın inkarı kafirlərə məxsusdur. Deməli müsəlman olduğunu iddia edib, amma məadı inkar edən şəxs kafirdir. Buna sübut bütün müctəhidlərin bu haqda olan yekdil fətvalarıdır. Çünki məad müsəlmanların bütün məzhəblərində əsas inancdır ki, hər kəs onu inkar etsə müsəmanların zümrəsindən xaric olmuş olur. Ayənin əvvəlində Peyğəmbərə(s) əmr edir ki, məadın haqq olduğu haqda Pərvərdigara and iç. Bu göstəriş özü məad haqqında bir təkiddir. Sonra isə üç təkidlə məadın baş verəcəyini xəbər verib dünyadakı əmməllərə görə cəza alacaqlarını yeni bir təkidlə xəbər verir. Bütün bu təkidlər məadın əhəmiyyətini və mütləq olacağını bəyan edir.
  “Həqiqətən Qiyamətin günü gələcək ki, onda heç bir şək yoxdur. Amma insanların çoxu ona inanmırlar” Ayədə məadın yəqinən baş verəcəyini xəbər verməklə yanaşı Allah təala insanların əksəriyyətinin ona iman gətirməyəcəyini xəbər verir. Məad bu dünyada görunmədiyi üçün və digər tərəfdən hissiyyat orqanları tərəfindən dərk olunmadığı üçün bəşər bu cür həqiqətlərə gec iman gətirir. Bu səbəbdən Allah-təala belə məsələlərdə çoxlu sayda təkidlər işlədir ki, bu şübhələr aradan getsin. Qiyamətin günündə də heç kəs üçün bəhanəyə yer qalmasın. Çünki bir belə təkid və andlardan sonra ancaq cahil və inadkarlar onu qəbul etməkdən boyun qaçırar.
  Qurani-kərimdən üç ayəni misal gətirməklə bu nəticəyə yetişirik ki, məad yəqinən olacaq. Müsəlman və Qurani kərimə mö`təqid olan insan üçün bu ayələr kifayət edər.
  MƏADIN İSBATINA DAİR QURANİ-KƏRİMDƏ DƏLİLLƏR
  Qurani-kərim fəqət məadın olacağını xəbər verməklə kifayətlənmir eyni zamanda müxtəlif şübhələrə dəlillərlə cavab verir.
QÜDRƏT:- Bə`zi ayələrdə Allah-təala özünün nəhayətsiz dərəcədə qüdrətini xatırladaraq məadın baş verəcəyi haqda xəbərdarlıq edir. “Gözünüzlə görə biləcək heç bir sütun olmadan (əlbəttə burada sütunun oduğu inkar olunmur bəlkə də əksinə sütunun varlığı təsdiqlənir ki, bu haqda bəhs etmək məqamı deyil) Allah-təala göyləri Sizin başınız üstündə saxlayıb. Sonra ərşi öz qüdrəti altına aldı. Günəşi və Ayı təyin olunmuş vaxta qədər əmrinə tabe etdi. Bütün işləri idarə edib nişanələrini açıqlayan Allahdır. Bununla istəyir ki, Allah-təalaya qovuşacağınıza yəqinlik tapasınız” (Rə`d. ayə 2)
  Ayəni diqqətlə izləsəniz görərsiniz ki, Allah-təala əvvəlcə işlərini xatırlatmaqla öz qüdrətinin nəhayətsiz olduğunu göstərir. Səmanın adi gözlərlə görünməyən sütunlar üstündə qurulması və bütün işlərin tam dəqiqliyi və nizam intizamla idarə olunması Allah-təalanın qüdrətinin bariz nişanəsidir. Amma bütün bunları söyləyəndən sonra birdən Qiyamətə və insanların Allahın hüzuruna gətiriləcəyinə işarə edir. Buyurur ki, bütün bunları müşahidə etməklə Allahın hüzuruna gətiriləcəyinizə yəqin edin. Elə bilməyin ki, bütün bunlar boş və məntiqsizdir. Yəni ey insanlar bu haqda təfəkkür edib özünüzə gəlin. Gördüyünüz kimi bütün bu əzəmətli işlər Allahın qüdrətinin müqabilində asan olduğu kimi, sizin də, Allahın hüzuruna gətiriləcəyiniz çətin bir şey deyildir. Gördüyünüz kimi bu dəlillər əqli dəlillərdir, çünki bizim əqlimiz məsələləri biri digəri ilə əlaqələndirməklə nəticə çıxarır ki, Allah-təala hər işə qadirdir.
                                       
  TƏŞBEH
  İnsanlar məadı gözləri ilə görmədiklərindən Allah-təala bunun dərkini asanlaşdırmaq üçün bəzi ayələrdə təşbehdən istifadə edibdir. Əgər biz təyyarənin uçuşunu görməsəydik indi kosmik gəmilərin uçuşunu qəbul etmək bizim üçün çətin olardı. Amma təyyarənin uçuşunu görməklə kosmik gəminin uçuşunu qəbul etmək bizə asan gəlir. Quran da bu yoldan istifadə edibdir.
  Ədəbiyyatı yaxşı qavramış insanlar təşbehin nə olduğunu dərk etdikləri üçün biz burada onun haqqında əlavə izahat verməyə lüzum bilmirik.
  “Allahın rəhmətinin nəticəsinə bax ki, necə torpağı öləndən sonra dirildir. Həqiqətən Allah ölüləri də o cür dirildəcək. O hər şeyə qadirdir” (Rum. ayə 50) Torpaq qışda pəjmürdə və ölü kimi görünür, amma yazın gəlməyi ilə dübarə dirilir. Siz bu mənzərəni görməklə məad haqqında xırda bir nümunəni müşahidə edirsiniz. Allah-təala hər işə qadir olduğu surətdə Onun torpağı və insanları diriltməyə qadir olmasında heç bir fərq yoxdur.
  “Allah o kəsdir ki, küləklərin vasitəsilə buludları hərəkətə gətirib. Sonra onların vasitəsilə biz ölmüş torpaqları diriltdik. Qiyamətin günündə ölülərin dirilməsi də bu cür olacaq” (Fatir. ayə 9) Pəjmürdə (ölü) torpaq təzədən göyərib bar verməyə qadirdir, amma bunun üçün münasib zaman və şərait lazımdır. Münasib zaman və şərait yetişəndə torpaq təzədən bar verməyə başlayır. Qiyamətin günündə də insanların dirilməsi bu minvalla olacaq. İnsanların cəsədləri torpaqda pərakəndə olduqdan sonra onların ruhları mücərrəd aləmdə qalmaqda davam edir. Münasib zaman yetişəndə bu ruhlar öz əvvəlki cəsədlərinə yağış kimi enmələri onların təzədən dirilib ayağa qalxmalarına səbəb olacaqdır. Təbiidir ki, qanqal toxumundan qanqal, qızıl gül toxumundan qızıl gül bitəcək. Yenə də təbiidir ki, qanqalı yandırmaq və qızıl gülü gözəllik üçün yığarlar. İnsanların dirilmələri də bu cür olacaq. Bəziləri kamil insan kimi məhşur olub öz yerini tutacaq və bəziləri isə iyrənc bir heyvan simasında məhşur olacaq ki, gərək heyvanxanada saxlanılsın. İnsanlar Qiyamətin günündə məhşur olunanda gərək pak napakdan ayrılsın və onlar əməllərinə görə mükafat alınsınlar.
  “Allah ölüm vaxtı canları alar. Amma ölüm zamanı olmayan bir dəstənin canını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını bədənlərinə qaytarmayıb saxlar və bəzilərinin ruhlarını müəyyən olunmuş zamana qədər bədənlərinə qaytarar” (Zumər. ayə 42). Ayədə ölüm yuxuya təşbeh olunub ki, başqa sözlə desək ölüm də yuxunun bir növüdür və ya yuxu qısa müddətli bir öıümdür. İnsan hər dəfə yatanda xatırlamalıdır ki, mümkündür Qiyamətin gününə qədər bir daha bu yuxudan ayılmasın. Ayədə Allah-təala buyurur ki, sizin ruhunuz həm ölüm anında və həm də yxuda sizdən alınır, bircə fərq vardır ki, yuxudan ayılanda ruh yenidən bədənə qaytarılır, amma ölümdən sonra ruh mücərrəd aləmdə qalır. Əlbəttə bu yerdə “Ruhun isbatı”, “Cismin ruhla əlaqəsi” kimi bəhslərə ehtiyac olduğu üçün biz çalışacağıq bu haqda ayrı bir məqalə hazırlayaq. Yuxu vaxtı ruh bədəndən ayrıldığı kimi ölüm vaxtı da ruh bədəndən xaric olur və sonra bədənə qayıdır. Əsl həqiqətdə ölüm uzun müddətli bir yuxudur ki, ruh bədəndən ayrılıb bərzəx aləmində (mücərrəd aləmdə) qalacaq. İnsan yuxudan ayılanda ruh bədənə qayıtdığı kimi Qiyamətin günündə də həmin cür uzun müddətli fasilədən sonra ruh bədənə qayıdacaq və həşr başlanacaq. Yuxudan oyanıb durduğunuz kimi öləndən sonra da həmin cür dirildiləcəksiniz.
  “Elə güman edirsiniz ki, biz sizi əbəs yerə xəlq etmişik və bizim hüzurumuza qaytarılmayacaqsınız” (Möminin. ayə 115) Bu ayə aşkar surətdə göstərir ki, əgər məad olmasa insanların xəlq olunması bihudə bir işdir. Çünki bu dünyada bir qurup insanlar dünya ləzzətlərindən göz yumub pak həyat tərzi keçirirlər və Allahın verdiyi vədələrin ümüdilə yaşayırlar. Bir qrup insanlar da vardır ki, heç nədən qorxmadan ömürlərini əyyaşlıqla keçirirlər. İndi əgər məad olmasa onda bu insanlar heç biri əməllərinin nəticəsinə çatmayacaqlar. Dünyanın ədalətli və həkim bir Xaliqi olduğu üçün ola bilməz ki, bütün bunları bihudə yaratsın. Ona görə də Qurani-kərim buyurur:- “güman edirsiniz ki, biz sizi əbəs yerə xəlq etmişik”
  Qurani kərimdə məada aid ayələr çoxdur və biz burada qısa tanışlıq üçün bir neçə ayəni misal olaraq gətirdik.
  Alimlərin nəzərinə əsasən məadın olacağına yəqin etmək üçün Quran ayələrinə istinad etmək kifayətdir. Qurani-kərimin məad məsələsinə təkidlə yanaşması ona etiqad bağlamağın Allahın nəzərində çox mühüm bir iş olduğunu göstərir. Biz gördük ki, məadın haqq olduğunu göstərən ayələr də, əqli dəlillərdən söz açır. Amma islam dini təhqiqata əsaslandığı üçün yenə də insanları bu haqda axtarışa təşviq edir. 
                            
HƏDİSLƏRDƏ MƏAD
  Məsum rəhbərlər də məada çox əhəmiyyət vermişlər. Onlar insanları bu məsələdən daha yaxşı agah etmək üçün bəzən moizə və bəzən də müxtəlif dəlillər vasitəsilə agah etmişlər. Əli (ə) buyurub:- “Birinci təkamülü görüb ikinci təkamülü inkar edən insanlara təəccüb edirəm” (Nəhcul-bəlağə. 121-ci hikmət) Bu hədis qısa olmasına baxmayaraq çox böyük mənanı əhatə edir. İmam (ə) demək istəyir ki, axirət həyatı insanın kamilliyinin növbəti mərhələsidir. Bu dünyada müxtəlif mərhələlərdən keçib təzə bir mərhələyə qədəm qoyuruq. Təkamül Qiyamətdə ən ali mərhələyə yetişənə qədər davam edəcək ki, bununla da təkamül başa çatmış olacaq. Əmirul-möminin dünyanin ilkin yaradılışına və təkamülünə işarə etməklə bizim diqqətimizi ikinci yaradılışa (Qiyamətdə dirilməyə) yönəldir. Bu cür təşbih vasitəsilə məsələni başa düşməyi bizim üçün asanlaşdırır.
  İmam Zeynul-abidin (ə) daha artıq dərəcədə təkidlə bu mətləbi bəyan edib:- “Çox tə`əccüb edirəm o insana ki, hər gecə-gündüz ölümü gördüyü halda onu inkar edir və yenə də təəccüb edirəm o insana ki, birinci yaranışı gördüyü halda ikinci yaranışı (Qiyamətdə dirilməyə işarədir) inkar edir” İmam (ə) dünyadakı təkamülü (gecə və gündüz baş verən ölümü yəni yatıb oyanmağı) axirət dünyası ilə elə müqayisə edir ki, onun dərkində heç bir çətinlik qalmır. 
  Peyğəmbər (s) buyurub:- “Yatdığınız kimi öləcəksiniz. Yuxudan oyandığınız kimi ölümdən sonra sizi dirildəcəklər”
  Əbu Əli ibni Sina deyir: “Mən usuli dinin bütün bəndlərini əqli dəlillərlə sübuta yetirdim, amma məad üçün kifayət qədər əqli dəlil tapa bilmədim. Lakin mən nübuvvət bəhsində Muhəmmd ibni Əbdillahın haq və doğruçu peyğəmbər olduğunu subut etdim və O, da bizə məadın olacağından xəbər verib. Ona görə də məadın olacağını tam yəqinliklə qəbul edirəm”.
                                 MƏADIN KEYFİYYƏTİ
  Bəzi adamlar iddia edirlər ki, məad ruhani olacaq. Yəni ölümdən sonra bədən tam surəıtdə məhv olub gedir. Qiyamətin günündə insan ruhu ilə məhşur olacaq. Savab və əzab ruha veriləcək. Başqa bir dəstə iddia edir ki, məad ancaq cisimlə olacaq və ruh bədəndən ayrılandan sonra bir daha bədənə qayıtmayacaq. Ruh mücərrəd aləmdə qalır savab və cəza bədənə veriləcək. Amma müsəlmanların haqq əqidəsinə görə məad həm cismani və həm də ruhani olacaq. Ölümdən sonra ruh bədəndən ayrılır və bərzəx dövranında ona məxsus aləmdə qalır. Qiyamətin günündə Allanın əmri ilə bədənə qayıdıb İlahinin ədalət məhkəməsinə gətiriləcək. Qurani-kərim buyurur:- “Öz yaradılışını unudub bizə misal çəkərək deyir: kim bu çürümüş sümükləri dirildəcək” “Onlara de ki:- Birinci dəfə onlara həyat verən təzədən onları diriltməyə qadirdir. O Allah bütün məxluqata alimdir” (Yasin. ayə 78-79) Məadı inkar edənlərdən bir dəstə əllərində çürümüş sümüklər Peyğəmbər (s)-n yanına gəlib dedilər:- İnsanlar ölüb bu cür çürüyəndən sonra kim onları dirildəcək? Allah-təala Peyğəmbərinə buyurur:- Onlara de ki;- Necə ki, Allah birinci xilqətdə sizi heçdən xəlq etdi o cür də sizi ikinci dəfə var etməyə həm elmi və həm də qüdrəti vardır. 
  Bu ayə məadın baş verəcəyinə dəlalət etməkdən əlavə məadın cismani olmasına dəlalət edir. Çünki : “kim bu çürümüş sümükləri dirildəcək” sualından cavab verilir ki, “Birinci dəfə onlara həyat verən təzədən onları diriltməyə qadirdir” Yəni cismin dirilməsini xatırlatmaq məadın cismani olması iddiamızı təsdiqləyir.
  “Aya insan güman edir ki, biz onların sümüklərini cəm etməyəcəyik? Bəli biz hətta onun barmaqlarının ucundakı sümüklərinə qədər yığmağa qadirik” (Qiyamət. ayə 3-4)
Bu ayə məadın cismani olmasına aşkar işarədir və Allahın bu işi əncam verməyə qadir olduğunu göstərir. Əslində ruhun bədənə bağlılığı olduğu üçün Allahın ədaləti tələb edir ki, etdiyi əməllərinə görə cəza və mükafat almaq üçün gərək ruh bədənlə məhşur olsun. Əmmar ibni Musa rəvayət edir ki, İmam Sadiq (ə)-dan soruşdular; -“Aya meyyitin cəsədi cürüyürmü? Bəli bədəninin əti və sümükləri çürüyüb torpağı qalır çünki ondan xəlq olunub. Çürümüş cəsəd birinci dəfə xəlq olunduğu kimi ikinci dəfə xəlq olunana qədər qalır. Əqlin hökmünə görə məadın olması zəruridir, amma məadın keyfiyyəti və necə olacağı Allahın qüdrətinə bağlıdır ki, bu özü əqli bir məsələdir. Çünki məad elə bir məsələdir ki dünyada baş verməyib və gərək başqa bir aləmdə baş versin”. (Kafi. c 3. səh 251) İnsanın ruhu öləndən sonra bədəndən ayrılır və bədən öz əvvəlki surətini əldən verib torpağa yəni öz əslinə qayıdır. İmam buyurur ki, insanın əvvəlki tinəti (yəni torpağı) münasib şəraitin gəlməsinə qədər (yəni ruhunun bədəninə qaytarılması gün) qəbr evində intizarda qalır. Ruhu qayıdandan sonra əvvəlki halına gələcək. 
                        HANSI BƏDƏNLƏ MƏHŞUR OLACAĞIQ
  Məad bəhsində daim mübahisə və marağa səbəb olan suallardan biri budur ki, biz hansı bədənlə məhşur olacağıq. Çünki biz fərz edək ki, 20-25 yaşımızda günah etmişik və 70 yaşda dünyadan getdik. Görəsən 70 yaşımızdakı bədənimiz 20-25 yaşımızdakı bədənin cəzasını çəkməli olacaq? Bir halda ki, 70 yaşımızdakı bədənimizlə 20 yaşımızdakı bədənimiz fərq edir və qabaqcadan dedik ki, zaman keçdikcə bədənin hüceyrələri ölüb yenisi ilə əvəz olur. Bəli məad cismani olacaq. Ruh və bədən birlikdə məhşur olacaq. Amma bunun mənası o deyil ki, eyni həmin cism, (ölüm vaxtı ya ondan qabaqkı) Qiyamətdə Ərəsat meydanına gətiriləcək. Xeyir Allahın əmri ilə ruh cismin qəlibində Qiyamət səhnəsinə gətiriləcək. Yuxarıdakı İmam Sadiq (ə)-dan nəql olunan hədisdən gördüyünüz kimi, bədənimizin tinəti əsl maddə olan torpaq qəbirdə mövcuddur və Allah onu cismə döndərib ruhumuzu ona qaytaracaq. Xülasəye kəlam cismimiz olacaq, amma lazım deyil eyni ölüm vaxtı olan bədənimiz olsun. Bəli zaman keçdikcə Quranın və Peyğmbər (s)-n mübarək kəlamlarının sirri indiki dünyəvi elmlərin inkişafı sayəsində açılır və dərki asanlaşır. Həmim sirlərdən biri Qiyamətin günündə insanın dirilib həşr meydanına hansı bədənlə gəlməsi məsələsidir. İndiki genetika elmi “klon”-nun (oxşar varlıqların yaradılması) mümkünlüyünü sübuta yetirəndən sonra məadın necə olacağının dərki asanlaşıb. Alimlər sübut edirlər ki, insan bədənindən götürülmüş hüceyrəni labaratoriya şraitində çoxaldıb tam bir əzələni və bəzən də bütöv bir canlını insanı yaratmaq mümkündür. Yaxın illərdə klon olunmuş qoyunun dünyaya gəlməsi də bizim üçün cismani məadın olacağına ınamımızı yəqinliyə çatdırıb. Alimlər də cismani məad bəhsində irad olunan şübhələrə həm nəqli dəlillər (Quran və hədisdən dəlillər) və həm də əqli dəlillər vasitəsilə bu cür cavab veriblər. Sual olunur;-İnsan öləndən sonra bədəni torpaq altında müxtəlif həşaratlar vasitəsilə yeyilir və bə`zən müharibələrdə döyüş meydanında insan bədəninin bir hissəsi qalır, amma bədəni başqa bir yerdə dəfn olunur, bəzən insan vəhşi bir heyvana yem olur və həmin vəhşi heyvanı başqa bir heyvan yeyir. Müxtəlif vasitələrlə başqa bir heyvanın bədən üzvünə çevrilmiş bu insanın bədəni naqis qalacaqdır. Əgər məad cismani olarsa belə insanlar naqis bədənləri ilə məhşur olacaqlar? 
  Quran və hədislərin göstərdiyi kimi qiyamətin günündə insan öz bədəni ilə məhşur olacaq. Bədənin bir üzvünün naqis dəfn olunması cismani məada olan etiqada heç bir zərər vurmur. Bəli qiyamətin günündə həmin bədənlərdə naqis olan yerlər Allahın əmri ilə bitəcək necə ki, bunu indiki həyatda da müşahidə edirsiniz. Bədənin bəzi yerləri kəsiləndən sonra təzədən bitdiyi kimi qiyamətin günündə də o naqis yerlər bərpa olacaq.  
                         
 ƏMƏLLƏRİN YAZILMASI 
  Məad insanların bu dünyada etdikləri əməllərin cəzasını görməkləri üçündür. Bunun üçün əməllərin yazılması lazımdır. Bizim əqidəmiz budur ki, bütün əməllərimiz İlahi dəftərxanada yazılır. Onların hamısının mükafat və cəzalarını görəcəyik. Allah adildir və kainatın qaunları vardır. Ola bilməz ki, bir nəfər xəta törətsin, hoqqabazlıqla başqalarına zülm edib dünya həyatında bir müddət kef çəksin və etdiyi əmməllərinə görə onunla hesab kitab olunmasın. Xeyir bu dünyanın hesab kitabı var və gərək hamı öz əməllərinə görə diqqətli olsun. Qurani-kərim buyurur:-“Qiyamətdə insanların əməl kitabları onların qabağında qoyulacaq. Günahkarları görərsən ki, onlar əməl kitablarındakı müşahidə etdiklərindən dəhşətə gəliblər. Onlar deyəcəklər vay olsun bizim halımıza! Bu nə cür kitabdır, bizim etdiyimiz bütün xırda və böyük əməllərimizi yayındırmayıb, hamısını yazıb! Onlar o kitabda bütün əməllərini görəcəklər. Allah heç kəsə zülm etməz” (Kəhf. ayə 49) 
Ayə göstərir ki, bizim bütün əməllərimiz yazılır hətta ən xırda əmməllərimiz də Allah dərgahında qeydə alınır ki, sabah Qiyamətin günündə ona görə bizdən hesab alınacaq. İndiki zamanda çox yerdə gizli kameralar qoyulub və əgər bir nəfər cinayət etsə həmin çəkilmiş lenti onun qarşısına qoyanda inkar edə bilmədiyi kimi başa düşmək lazımdır ki, Allah dərgahında da əməllər bu cür yazılır.
  İki dost bir yerdə əhd bağlmışdılar ki, hər kəs tez ölsə dostunun yuxusuna gəlib ölümdən sonrakı halını bəyan etsin. Onlardan biri dünyadan gedəndən sonra bir müddət dostunun yuxusuna gəlmədi. O, da naçar ölmüş dostunun qəbrinin üstünə gəlib vədəsinə əməl etmədiyi üçün gileylənməyə başladı. Qəbrin yanında oturduğu halda yuxu onu apardı. Yuxuda gördü ki, qəbir açıldı və o qəbirə daxil oldu. Qəbirdə heç nə yox idi, amma ayaq tərəfdə bir baca var idi. Bacaya yaxınlaşanda qabağında gözəl bir bağ açıldı. Bağa daxil olub gəzməyə başladı. Bağda gözəl bir qəsrə yetişib içəri girdi. Gördü ki, içəridə məclis qurulub və dostu da oradadır. Məclisdə şirin bir elmi bəhs getdiyi bir vaxt birdən hamı qaçmağa başladı, amma dostu rəngi qaçmış halda yerində donub qalmışdı.. Gördü bir ilan dostuna yaxınlaşıb onun dilini çeynəyir. O, təəccüblə bu mənzərəni seyr edirdi. İlan bir müddət dostunun dilini çeynəyəndən sonra getdi. Dostundan bunun sirrini soruşanda dedi ki;- Məni qəbir evinə qoyandan sonra hər işim yaxşı idi, amma bir yalan şəhadətə görə bu əzabı çəkirəm. Filan kəsin irsini böləndə bir yalan şəhadət verməklə onu irsdən məhrum etdim və onun haqqını zay etdim. O yalan şəhadətə görə mən bu əzabı çəkirəm. İndi səndən xahiş edirəm onun yanına gedib mənim üçün hallallıq al ki, bu əzabdan nicat tapım. Dostu nəql edir ki, təəccüb içində yuxudan ayıldım və bunu yoxlamaq üçün deyilən ünvana getdim. O adamı tapıb ondan dostum haqqında soruşanda onun adını eşidən kimi dedi;- Bəli tanıyıram Allah ona lənət etsin. Yalandan şəhadət verməklə haqqımı zay etdi. Yuxumu ona danışıb onu razı salıb halal etməsini xahiş etdim. O, da halal etdi. Bir müddətdən sonra məsələdən xəbəri olmayan ayrı bir dostum yanıma gəlib dedi ki, filan kəsi yuxuda gördüm və mənə dedi ki, ona nicat verdiyin üçün sənə təşəkkür edim.
  Əziz oxucu nəql etdiyimiz bu yuxunu elə güman etmə ki, bir dastandır. Çünki yuxuların özündə bir hikmət vardır və Allah-təala bəzən yuxu vasitəsilə bir çox həqiqətləri layiqli bəndələrinə çatdırır. Yuxu haqqında daha geniş və mükəmməl məlumat almaq üçün “Ruhun isbatı” bəhsinə müraciət et. 
  Bəli yazılmış hər bir əmələ görə Allaha pənah aparıb ondan kömək istəmək lazımdır və insan gərək daim öz əməllərini mühasibə etsin.
 
                                         MƏADIN TƏSİRİ
  Məada mötəqid olan insan öz əməllərində diqqətli olur. Çünki o bilir ki, bu dünya müvəqqətidir və gərək köç edənlər kimi özü ilə azuqə götürsün. Ona görə də dünyada pis əməllərdən yan keçir. Əmirul-möminin (ə) Suffeyn müharibəsindən qayıdanda bir qəbristanlığın yanında dayanıb ölülərə bu cür xitab etdi:- “Ey vəhşətli diyarın sakinləri! Ey susuz otsuz məkanların sakinləri! Ey qaranlıq qəbirlərin sakinləri!Ey torpaq sakinləri! Ey vətənlərindən uzaq düşənlər! Ey tənha qalmışlar! Ey qorxu içində olanlar! Siz bizdən qabaqda gedənlərsiniz və biz sizin dalınızca gəlib sizə yetişənlərik. Amma bilin ki, evlərinizdə başqaları sakin olub və arvarlarınız başqalarına ərə gedib. Mallarınız başqaları arasında bölünüb. Bunlar bizim sizə verəcəyimiz xəbərlərdir. Amma sizdə bizə verəcək hansı xəbərlər var? Sonra Həzrət əshaba tərəf üzünü tutub dedi:- “Əgər onlara icazə verilsəydi onda sizə deyərdilər:-Axirət üçün ən yaxşı azuqə təqvadır” (Nəhcul-bəlağə. 125-ci hikmət) 
  İnsanın başqa məxluqatdan fərqi onun şüurlu olmasındadır. Keçmişləri təhlil edib gələcək üçün ibrət götürməsindədir. İnsan görür ki hamı ölür və bilir ki, bir gün də ona növbə yetişəcək və o da hesab vermək üçün Allahın hüzurunda qalmalıdır.
Əcəl canavarı (həzrət Əzrayilə təşbehdir) bu sürüdən (insanları təşbeh edir) 
bir-bir çəkib aparır, 
  Sürüyə bir bax necə də asudə otlayır.
Şair şerində insanların ətraf aləmdəki hadisələrdən ibrət götürməyib yenə də əvvəlki kimi başlarını eyşu-işrətə qatdıqlarından təəccübləndiyini bildirir. Yəni insan yəqin bilir ki, bir gün o ölüm mələyi mənim də sorağıma gələrək hesabıma yetişəcəklər. Ağıllı insan daim bu yolda qüsurunun olmasına nigəran olmalı və bu qüsurları aradan qaldırmağa səy etməlidir. Əmirul-möminin buyurduğu kimi;-“Sənin hesabına yetişməzdən öncə özün öz hesabına yetiş” 
  Əmirul-möminin (ə)-dan soruşdular ki;- “Ölümə hazırlıq necə olur? Buyurdu:- Vacibatları yerinə yetirmək, haram şeylərdən çəkinmək və özünü gözəl əxlaqlara alışdırmaq” 
                                               NƏTİCƏ
  Bizim əqıdəmiz budur ki, bu dünyanın yaradanı var, biz də onun bəndələriyik və ona tərəf qayıdacağıq. Yaradlışdan məqsəd Allaha tərəf seyr edib ona qovuşmaqdır. Dünya bizə vədə verilmiş nemətlərə və axirət evindəki əbədi səadətə qovuşmaq üçün bir körpüdür. Axirətdə biçmək üçün bu dünyada əkmək lazımdır. Əbədi səadətin yolunu isə peyğəmbərlər və məsum imamlar göstəriblər. Özünü ağıllı hesab edən hər bir insan peyğəmbərlərin bir belə xəbərdarlıqlarına etina etməsə də heç olmasa “Ehtimal olunan zərəri dəf etmək vacibdir aksiomasına əməl etməlidir.
 


      Elman İbadov                                     kerrar@mail.ru

            Materiallardan istifadə edərkən  istinad vacibdir.

  [Məqalələr] | Oxunub: 1133 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Yanvar 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz