Məlum olduğu kimi əhli sünnənin dörd haqq məzhəbindən
fərqli olaraq şiə məzhəbində “İmamət” inancın (əqidənin) əsaslarından birini təşkil
edir. Bu əqidəyə əsasən Həzrəti Əli (ə) və onun 11 övladı (Qeyd edək ki,
onların hamısı Əhli-beytdəndir (ə)) müsəlman ümmətinə Allah və onun rəsulu (s)
tərəfindən rəhbər (imam) təyin edilmişdilər.
Əhli sünnə məzhəbləri ilə cəfəri məzhəbi
arasında ixtilafın səbəblərindən biri də azan və iqamədə, həmçinin kəlmeyi-şəhadətdə
“Əşhədü ənnə əmir əl-muminin Əliyyən vəliyullah” deyilməsidir. Əhli sünnə məzhəbləri
bu ifadəni bidət hesab edir.
Cəfəri məzhəbində isə məsələyə münasibət
başqa cürdür. Bu məzhəbin əqidəsinə əsasən “Əşhədü ənnə əmir əl-muminin Əliyyən
vəliyullah” nə azanın, nə də iqamənin bir hissəsi deyil və deyilməsi vacib yox,
müstəhəbdir.
Bəs bu əmələ bidət adını vermək olarmı? Axı
Peyğəmbərin (s) zamanında azanda bu ifadə işlədilmirdi?!
Qeyd edək ki, şəriəttə kökü olmayan şeylər
“Bidət” adlanır. Bu ifadənin tərcüməsi isə “Şəhadət verirəm ki, Əli (ə) möminlərin
rəhbəri və Allahın vəlisidir”. Məgər bu deyilənlərin şəriəttə kökü yoxmudur?
İlk cümlədə Həzrəti Əlinin (ə) möminlərin rəhbəri
olmasından bəhs edilir. İslam mənbələrinə müraciət edək:
Əhli sünnənin mötəbər mənbələrindən olan və
“Kitabü sittə”yə daxil olan “Sünəni Tirmizi” əsərinin 5-ci cildinin, 201-ci səhifəsində
Peyğəmbərdən (s) belə bir hədis nəql olunur: “Əli məndən sonra bütün möminlərin rəhbəridir”.
Şiə (cəfəri) məzhəbinin ən mötəbər mənbələrindən
sayılan “Üsuli Kafi”nin 1-ci cildində Peyğəmbərdən (s) belə bir hədis nəql
edilir: “Əli möminlərin ağasıdır”.
Göründüyü kimi bu ifadənin birinci hissəsi
bidət deyil. Keçək ikinci hissəsinə:
Həzrəti Əli ibn Əbu Talibin vəli elan edilməsinə
ən böyük sübut “Qədiri Xum” hadisəsidir ki, bu da əksər kitablarda təsvir
olunub. Bu hadisədə Həzrəti Peyğəmbər (s) Əlinin (ə) əlini bacardıqca yuxarı
qaldırdı və onu ümmətinə rəhbər elan etdi. Bundan başqa “Səhih Buxari”, “Səhih
Müslim”. “Sünəni Tirmizi” kimi mötəbər əsərlərdə Peyğəmbərin (s) Əlini (ə)
özünün qardaşı, “Tarixi Təbəri”də isə xəlifəsi adlandırdığı göstərilir. Bütün
bunlar isə Əlinin (ə) həqiqətən vəli olmasına dəlalət edir.
“Tövzihul-məsail” risaləsində yazıldığı kimi
bu ifadə azan və iqamənin (həmçinin şəhadətin) bir hissəsi deyil və onu demək
müstəhəb hökmündədir. Bu bir növ Əlinin (ə) vilayətinə şəhadət verməkdir ki, bu
da şiə məzhəbində əqidəvi məsələdir.
Əhli sünnədə isə sübh azanında “Əssalətu xəyrun
minənnovm” demək müstəhəbdir. Lakin
Buxari və Müslimin “Səhih” kitablarında bu haqqda məlumat yoxdur. Bəzi rəvayətlərdə
isə bu cümlənin ikinci xəlifə Ömər ibn Xəttab və onun oğlu Abdullah tərəfindən
artırıldığı deyilmişdir (“əl-Əzan”, Əbu Hatəm, səhifə 45).
|