Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bayram namazı həm sentyabrın 20-si, həm də 21-də qılınacaq. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx deyib ki, Ramazan bayramının məhz hansı günə düşməsi ilə bağlı müxtəlif elmi araşdırmalar var. Onun sözlərinə görə, bayram namazını bəzən şiə və sünni məzhəblərinə mənsub olanlar ayrı-ayrı vaxtlarda qılırlar: “Kim nə zaman istəyirsə, onda da bayram namazını qıla bilər. Bu, hər kəsin şəxsi işidir. Heç kəs bu məsələdə məcbur edilə bilməz. Ancaq həm sentyabrın 20-si, həm də 21-də bayram namazı qılınacaq. Əsas məsələ təbliğatdır. İnsanları fitrə verməyə, savab işlər görməyə dəvət etməkdir. İndi biz sünni və şirələr üçün eyni vaxtda azan verilməsini təmin etmək istəyirik. Fikrimiz var ki, bu iki məzhəb üçün ortaq bir zaman müəyyən edək”.
A. Paşazadə deyib ki, Ramazan bayramında imkansızlara, xəstələrə yardımlar edilməli, hər kəs əlindən gələn yaxşılığı əsirgəməməlidir.