İbni Mülcəm Məkkəyə gedib məşhur
əhd-peymanı bağlayan doqquz nəfər zahid və «müqəddəsməslək möminlər»dən
biridir. Onlar deyirlər: İslam aləmində bütün fitnə-fəsadlar üç nəfərdən
törənmişdir – Əli, Müaviyə, Əmr As. İbni Mülcəm Əli (ə)-ı öldürməyə namizəd olur.
Təyin etdikləri bir vaxta baxın, Ramazan ayının on doqquzuncu gecəsi! Görəsən
niyə bu gecəni təyin etmişdilər? İbni Əbdil-hədid deyir: «Ağılsızlığa bir bax!
Onlar deyirdilər ki, biz bu işi Ramazan ayının on doqquzuncu gecəsində görsək,
savabı daha çox olar, çünki bu gecə qədr gecəsidir!»
İbni Mülcəm gəlib Kufədə vəd olunmuş
gecəni gözlədi. Bu günlər ərzində özü ilə həmməslək olan Qüttamə adlı xəvaric
əqidəli bir qızla tanış olub, ona vuruldu. Ola bilər ki, o, bununla da bir
qədər bu fikirdən uzaq gəzmək istəyirmiş. Elçilik etdikdə qız deyir: Mən sənə
gəlməyə hazıram, lakin mənim kəbinimin qiyməti çox ağırdır. Bu da ona son
dərəcə vurulduğundan qızın hər bir şərti ilə razı olduğunu bildirir. Qız deyir:
Üç min dirhəm. Deyir: Olsun, razıyam. Qız yenə deyir: Bir qul da istəyirəm.
Razı olur. Qız bir kəniz də tələb edir. Bu yenə razı olur. Qız nəhayət deyir:
Mənim son tələbim budur ki, Əlini öldürəsən. İbni Mülcəm bir az mütəəssir olub
sarsılır və deyir: "Biz evlənib xoş və dinc yaşamaq istəyirik. Əlinin
öldürülməsi bizə evlənib yaşamaq fürsəti verməz”. Qız israr edərək deyir: "Bu
mənim son sözümdür, mənə qovuşmaq istəyirsənsə, Əlini öldür! Diri qalsan mənə
qovuşacaqsan, ölsən heç”. İbni Mülcəm bir müddət bu təklifin üzərində fikirləşir.
O, yazdığı bir-iki beyt şeirində deyir:
Məzmunu:
«Kəbin üçün bu neçə şeyi məndən
istədi. Dünyada bu ağırlıqda kəbin tapılmaz. Dünyada hər hansı bir kəbin nə
qədər çox olsa da, Əliyə çata bilməz. Mənim arvadımın kəbini Əlinin qanıdır.
Dünyada qiyamətə kimi heç bir sui-qəsd İbni Mülcəmin etdiyi qədər böyük və
əhəmiyyətli olmayacaqdır».
İndi görək Əli (ə) nə vəsiyyət edir?
Əli (ə) ölüm halında olarkən iki cərəyanı düşünür. Biri Müaviyə başda olmaqla
qasitilər hərəkatı və münafiqlər cərəyanı, ikinicisi isə təəssübkeş
«müqəddəsməsləklər» cərəyanıdır. Bu iki cərəyanın arasında da ziddiyyət var.
Əli (ə) fikirləşir ki, onun səhabələri ondan sonra nə edəcəklər?! Buyurur: «Məndən
sonra xəvarici öldürməyin. Baxmayaraq ki, onlar məni öldürdülər. Lakin siz
onları öldürməyin, çünki məndən sonra siz nə qədər onları qırsanız, Müaviyənin
xeyrinə olacaq. Müaviyə təhlükəsi başqa bir təhlükədir”.
Sonra buyurur:
«Məndən sonra xəvarici öldürməyin,
çünki haqqı tələb etməkdə səhv edənlərlə, əvvəldən batili istəyən və ona
çatanlar arasında fərq vardır. Bunlar axmaqdırlar, o biriləri isə batil işlərin
ardıncadırlar; ona çatıblar da».
Əli (ə) heç kimə kin bəsləmir və
həmişə ədalət və məntiqlə danışır. Məsələn, həmin İbni Mülcəmi tutub Əli (ə)-ın
hüzuruna gətirdilər. Həzrət Əli (ə) ağır yaralandığı və yaxşı danışa bilmədiyi
üçün zəif bir səslə İbni Mülcəmlə bir qədər söhbət edir. Ondan soruşur: «Nə
üçün bu işi gördün? Mən sənin üçün yaxşı bir İmam deyildimmi?». Əli (ə)-ın
yüksək mənəviyyatı sanki ona təsir edir və o deyir:
«Sən mənim kimi qəddar, günahkar və
cəhənnəm əhli olan bir şəxsi qurtara bilərsənmi? Görəsən mən bu işi
bədbəxtlikdən və talehsiz bir insan olduğum üçün etmişəm? Başqa bir rəvayətdə
deyilir: Əli (ə) onunla danışanda o, qəzəblə Əli (ə)-a cavab verdi və dedi:
Əli! Mən aldığım qılıncla Allaha and içmişdim ki, onunla Allahın ən pis və
nasaleh bəndələrini öldürəm. Həmişə də Allahdan istəmişəm ki, bu qılıncla öz
pis əməl edən bəndələrini öldürsün. Əli (ə) buyurdu: «Təsadüfən sənin bu duan
və tələbin müstəcab olub, çünki sənin özünü elə bu qılıncla öldürəcəklər.
Əli (ə)
Kufədə dünyadan gedir. Nəhrəvan xəvaricindən başqa bütün əhali onun dəfn
mərasimində iştirak edib ona ağlamaq arzusundadır. Ramazanın iyirmi birnci
gecəsində xalq hələ Əli (ə)-ın gecə yarısında dünyaya göz yumduğunu bilmir. Əli
(ə) vəfat edən gecə dərhal o həzrətin övladları İmam Həsən, İmam Hüseyn,
Məhəmməd ibni Hənəfiyyə, cənab Əbülfəzlül Əbbas və bir neçə başqa şəxs gizlicə
Əli (ə)-a qüsl verib, kəfənə bükürlər və həmin gecə Əli (ə)-ın özünün
qabaqcadan təyin etdiyi naməlum bir yerdə onu torpağa tapşırırlar. Qəbrin
harada olduğunu da kimsəyə demirlər.
Ertəsi gün
səhər camaat eşidir ki, ötən gecə Əli (ə) dünyadan gedib, naməlum yerdə dəfn olunubdur.
Əli (ə)-ın dəfn
olunduğu yer haradadır? Heç kimə demədilər. Hətta bəzi rəvayətlərə görə İmam
Həsən (ə) onların fikrini yayındırmaq üçün Mədinəyə bir cənazə göndərir və
iddia edir ki, Əli (ə) orada dəfn edilibdir. Bütün bu işləri də yalnız xəvaricin
təhlükəsini dəf etmək üçün edirlər. Çünki onlar Əli (ə)-ın harada dəfn
olunduğunu öyrənsəydilər, şübhəsiz ki, qəbri açıb o həzrətin cənazəsinə
hörmətsizlik edəcəkdilər. Xəvaricin hakimiyyəti dövründə Əli (ə)-ın
övladlarından başqa, onun harada dəfn olunduğunu bir kimsə bilmirdi. Bu
vəziyyət yüz il çəkdi. Bu hadisədən yüz il sonra xəvaric aradan getdi.
Bəni-üməyyə dövrü də başa çatdı. Abbasilərin hakimiyət dövrü başlandı. Onlar bu
mövzuya toxunmurdular. Belə olduqda ilk dəfə İmam Cəfər Sadiq (ə) Əli (ə)-ın
qəbrinin harada olduğunu aydınlaşdırdı. Sizin tanıdığınız Səfvan deyir: «Kufədə
İmam Cəfər Sadiq (ə)-ın hüzuruna getmişdim. O həzrət bizi Əli (ə)-ın məzarına
aparıb dedi: «Əli (ə)-ın qəbri buradır». O həzrət Əli (ə)-ın qəbrinin üstünü
düzəltməyi əmr etdi. Bununla da Əli (ə)-ın qəbri hamıya aşkar oldu».
Deməli, Əli (ə) qarşısına çıxan bu
böyük çətinlik onun öz dövründə başa çatmamışdı və o həzrətin ölümündən yüz il
sonra da davam etmişdi.
«Sən və sənin övladların nə qədər
məzlum idi, ya Əli! Mən bilmirəm, Əmirəl-möminin çox məzlumdur, yoxsa onun
övladı Əba-Əbdullahil-Hüseyn?! Əli (ə) heç bir zaman düşmənin şərindən rahat
olmadığı kimi, onun əziz balası İmam Hüseyn (ə)-ın vücudu da daim düşmənlərdən
əzab çəkmişdir. Bəlkə elə buna görədir ki, buyurur:
«Heç bir gün sənin günün kimi deyil, ya
Əba Əbdillah!»
İmam Həsən (ə) Əli (ə)-ın cənazəsini
gizlətdi. Nə üçün? Çünki istəmirdi Əli (ə)-ın müqəddəs bədəninə ehtiramsızlıq
olunsun, lakin Kərbəlada vəziyyət tam başqa idi. İmam Zeynəlabidin (ə) atası
İmam Hüseyn (ə) şəhid olduqdan sonra onun cənazəsini gizlətməyə fürsət tapmadı.
Nəticəsi də hamıya mə’lumdur... Mən burada danışmaq istəmirəm. O şəxs yaxşı
deyib:
«Köhnə paltar nəyə lazımdır? Bir halda
ki, atların dırnaqları altında, tikə-tikə olunmuş bədəndə bir şey qalmayıbdır?!».
"Məsum imamların həyatına bir baxış”
Mürtəza Mütəhhiri