Peyğəmbər (s) söyləmişdir ki, Allah-Taala
buyurur: "Hər bir xeyirxah işin 700-ə qədər savabı vardır. Onlardan fərqli
olaraq orucun öz savabı vardı. O Mənə məxsus olduğu üçün savabını da Mən Özüm
verəcəm” ("Sünəni Nisai”, cild 4).
Peyğəmbərdən (s) nəql olunmuş başqa bir hədisdə
deyilir ki, Allah-taala buyurur: "Adəm övladlarının orucdan başqa gördükləri hər
bir əməl onların özlərinə aiddir. Oruc isə Mənə aiddir və onun mükafatını da Mən
Özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü
möminləri (axirətin əzabından) hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc
tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc
tutan şəxslər iki dəfə sevinərlər: İftar etdikləri və məhşərdə Allahla görüşüb
onları cənnətə daxil etdiyi zaman” ("Biharul-ənvar”, cild 96, bab 30).
Peyğəmbər (s) buyurmuşdur: "Oruc tutmağı
sizlərə tövsiyə edirəm, çünki oruc cəhənnəm odunun qarşısında sipərdir. Əcəl
sizləri haqladığı zaman ac ola bilirsinizsə, belə edin” ("Biharul-ənvar”, cild
96, bab30).
Peyğəmbər (s) buyurmuşdur: "Oruc tutan şəxsin yatmağı ibadət,
aldığı nəfəs isə təsbihdir (Allahı zikr etmək)” ("Biharul-ənvar”, cild 96,
bab30).
Peyğəmbər
(s) buyurmuşdur: "Həqiqətən Allah Öz mələklərinə oruc tutan şəxslərə dua etmələrini
əmr etmişdir” ("Biharul-ənvar”, cild 96, bab30).
Əbu Ümamə
deyir ki, Peyğəmbərə (s) dedim: "Ey Allahın elçisi, mənə elə bir şey əmr et ki,
onunla Allah məni mükafatlandırsın”. O Həzrət isə cavabında buyurdu: "Sənə
orucu tövsiyyə edirəm, çünki onun (savabda) tayı-bərabəri yoxdur” ("Sünəni
Nisai”, 43).
Səhl ibn
Sad rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) buyurdu: "Cənnətdə "Rəyyan” adlanan bir qapı var. Oradan ancaq oruclular
keçər. Oruclular keçdikdən sonra qapı bağlanar və heç kim keçə bilməz” ("Səhih
Buxari”, Bədül-haqq 9; "Səhih Müslim”, 1152).
Həzrəti Peyğəmbər
(s) buyurmuşdur: "Oruc tutan şəxs müsəlman bir şəxsin qeybətini etməyincə,
yatağında olsa belə, Allaha ibadət etmiş olur” ("Biharul-ənvar”, cild 96, bab
30).
Həzrəti İmam Əli (ə) buyurmuşdur: "Allah-taala orucu insanların imanlarının
sınağı üçün vacib etmişdir” ("Nəchül-Bəlağə”, hikmət-252).
Həzrəti İmam Əli (ə) buyurmuşdur: "Oruc tutan şəxsin yuxusu ibadət,
sükutu isə Allaha zikrdir. Onların duası qəbul, gördüyü əməllərin savabı isə
neçə bərabərində veriləcəkdir” ("Biharul-ənvar”, cild 96, bab 30).
Həzrəti
Fatimeyi Zəhra (ə) buyurur: "Allah-taala orucu insanların öz imanlarında möhkəm
və sabit olmaları üçün vacib etmişdir” ("Biharul-ənvar”, cild 96, bab 30).
Həzrət
Əli ibni Musa Rza (ə) buyurur ki, Orucun
möminlərə nə üçün vacib olduğunu soruşsanız, cavabında sizlərə deyiləcək:
"Yoxsulların aclıq və susuzluqlarını dərk edib özlərinin qiyamət günü əli boş
olduqlarından agah olmaları üçün. Bu ilahi hökmün vacib olmasının səbəblərindən
biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və Ona möhtac olduğunu
görməsidir. Orucluğun aclıq və susuzluğuna səbr edən iman sahibləri Allah
rizasını qazanıb axirət dünyasının mükafatına nail olarlar. Bütün bunlarla
yanaşı, möminlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat
tərzini özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri özlərindən
uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar. Eyni zamanda möminlərin çəkdikləri
zəhmət və məşəqqət onları yoxsul təbəqəyə maddi yardım etməyə sövq edir”
("Biharul-ənvar”, cild 96, bab 46).
İmam
Sadiq (ə) buyurmuşdur: "«Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin»
ayəsindən məqsəd, Ramazan ayının orucudur” ("Üsuli Kafi”, cild 6).
İmam
Sadiq (ə) buyurmuşdur: "Oruc onun üçün vacib edilmişdir ki, varlı və yoxsul bərabər
olsun. Çünki varlılar istədiklərini çətinlik çəkmədən əldə edir və aclığın nə
olduğunu təsəvvür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk
edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olunması üçün oruc
vacib edilmişdir” ("Biharul-ənvar”, cild 96, bab 46).
İmam Cəfər
Sadiq (ə) buyurmuşdur: "Oruc tutmaq tək yemək yeməməkdən və su içməməkdən ibarət
deyildir, insan gözü, qulağı, övrəti, ümumiyyətlə gördüyü bütün işlərlə oruc
tutmalı və özünün şəhvət və nəfsani istəklərinə qalib gəlməyi bacarmalıdır.
Bacardıqca az danışmalı və öz xidmətçilərinə qarşı olduqca mülayim olmalıdır”
("Vəsailüş-şiə”, cild 7).
İmam Rza
(ə) buyurur: "Oruc tutduğunuz zaman qulağınız, gözünüz, dəriniz və tükləriniz də
oruc tutmalıdır” ("Biharul-ənvar”, cild 96, bab-36).
|