Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyul » 13 » MƏNƏVİYYAT - SƏADƏTƏ APARAN YOL
MƏNƏVİYYAT - SƏADƏTƏ APARAN YOL
15:13

   
    Dünyada bizi çoxsaylı problemlər əhatə edir. Şübhəsiz, həll olunasılar içində ən vacibləri bilavasitə insanın özü, onun taleyi, ümumilikdə bəşəriyyət və hamımızın gündəlik həyatı ilə əlaqəli olanlardır.
     Məlum olduğu kimi, insanın əməlləri ya yaxşı olur, ya pis, ya gözəl olur, ya qəddar, daha doğrusunu desək, ya mənəviyyatlı olur, ya da mənəviyyatsız. Yer üzündə olan bütün varlıqlar içində yalnız insanın mənəviyyat barədə anlayışı var. Heyvanlar öz təbiətlərinə uyğun hərəkət edirlər, lakin onların mənəviyyat və mənəviyyatsızlıq barədə anlayışları yoxdur, ona görə də, heyvanların hərəkətlərinin mənəviyyatlı olub-olmaması haqqında fikir yürütmək olmaz. Zənnimizcə, mənəviyyat problemi müasir dünyada çox aktual olan bir mövzudur. Hər bir cəmiyyət mənəviyyat məsələlərini daha dərin araşdırmaq ehtiyacını getdikcə daha çox duyur və mənəvi dəyərlər vasitəsilə öz cəmiyyətini düzgün əhval-ruhiyyə və istiqamətdə inkişaf etdirməyi arzu edir. Bunun üçün ayrı-ayrı fərdləri və bütövlükdə bu fərdlərdən ibarət olan cəmiyyəti mənəviyyat qanunlarına əsasən tərbiyə etmək labüddür. Bir çox ensiklopediyalarda mənəviyyat anlayışının "əxlaq" anlayışı ilə eyni məna daşıdığının şahidi oluruq. Əxlaq barədə deyilir: "Əxlaq - mənəviyyat qaydaları və mənəviyyatın özüdür". Beləliklə, bu iki anlayışın eyni mənanı daşıdığı iddia edilir. Lakin qeyd etmək lazımdır ki, "mənəviyyat" anlayışı "əxlaq" anlayışından fərqlənir. Əxlaq - müəyyən cəmiyyətdə insanların münasibətlərini tənzimləyən yazılmamış qaydaların məcmusudur. "Müəyyən cəmiyyətdə" ifadəsini xüsusilə vurğulayırıq, çünki başqa bir cəmiyyətdə və yaxud başqa bir dövrdə, müəyyən şəraitdən asılı olaraq bu qaydalar tamamilə fərqli ola bilər. Əxlaqi dəyərləndirməni hər zaman cəmiyyə-tin özü həyata keçirir. Əxlaqdan fərqli olaraq, "mənəviyyat" anlayışı insanın daxili mənəviyyat nizamlayıcısının Uca Allahın təyin etdiyi ümumi mənəviyyat qanunları ilə uyğun olub-olmaması ilə şərtlənir. Beləliklə, demək olar ki, mənəviyyat - şəxsi əxlaqın Allah-Təalanın qanunları ilə uyğunluğudur. Təəssüflər olsun ki, bir çox hallarda mənəvi dəyərlər əxlaqi dəyərlərlə qarışdırılır, halbuki əxlaqi dəyərlərin istiqamət və meyarları insanların özləri tərəfindən təyin olunur, insani xüsusiyyət daşıyır, təkamül və müxtəlif şəraitlərin təsiri nəticəsində dəyişikliklərə məruz qalır. Bəziləri hətta mənəviyyatın qanunvericiliklə hüquqi uyğunluğunu meyar qəbul edirlər. Mümkündür ki, bu və ya digər cəmiyyətdə hansısa bir mənəviyyatsız hərəkətə görə insanı məhkum etməsinlər, çünki bu hərəkət həmin cəmiyyətin, dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət hesab olunmur. Lakin bu, heç də o demək deyil ki, cəmiyyətin qayda-qanunlarına uyğun olan və qanunvericilik tərəfindən cəzalandırılmayan bu cür hərəkət mənəviyyatsız ola bilməz. Əxlaq normaları bütün tarix boyunca dəyişikliklərə məruz qalmışdır; onlara müxtəlif prizmalardan yanaşmalar mövcud olmuş və bu və ya digər cəmiyyətdəki şəraitdən asılı olaraq müxtəlif cür dəyərləndirilmişlər. Elə son yüz il ərzində ailə və şəxsi münasibətlər sahəsində əxlaq qanunları ən əsaslı şəkildə dəyişmişdir. Hələ yaxın keçmişdə bütün dünyada nikahdan əvvəl və nikahdan kənar əlaqələr qətiyyətlə pislənilirdi. "Məşuqə" sözu isə təxminən "fahişə" damğası ilə bir tutulurdu. Bu gün isə bir çox Qərb ölkələrində belə bir münasibət forması az qala Qərb mədəniyyətinin atributuna çevrilmişdir. Cəmiyyətin rəyi də yaxın keçmişdə belə “qeyri-ənənəvi” adlanan seksual əlaqələrə qarşı birmənalı şəkildə pis idi. Mü- asir dünyada isə bəzi ölkələrdə hətta həmcins nikahlar qanuniləşib və yeni evlənənlər - iki qadın və ya iki kişi - vətəndaş vəziyyəti aktlarının qeydiyyatını (VVAQ) həyata keçirən dövlət məmurları qarşısında durur və rəsmi şəkildə ailə qururlar. Belə bir vəziyyətdə bir çox insanlar üçün mənəviyyat, əxlaq anlayışı hədsiz abstrakt bir şəkil alır, hansı əməlləri yaxşı, hansıları pis, yol verilməyən hesab etmək lazım olduğunu müəyyən etmək olmur. Əksər insanlar üçün mənəviyyat və mənəviyyatsızlığın keyfiyyət və meyarları arasında sədd çəkmək getdikcə çətinləşir... Belə olan halda, mənəviyyatlını mənəviyyatsızdan necə ayırd etməli? Cavab birmənalıdır! Bu fərqi yalnız bir meyara - mənəviyyat qanununa əsaslanaraq müəyyən etmək olar. Bu mənəviyyat qanunu isə Allah-Təaladan vəhylər vasitəsilə bəşəriyyətə nazil olur. Qeyd etmək lazımdır ki, bu vəhylərin səsi-nidası bu və ya başqa şəkildə artıq Allah tərəfindən insanın qəlbində, təbiətində yerləşdirilib. Axı biz hamımız qəlbimizin dərinliyində bunu hiss edirik və bu, Vicdan adlanır. Əgər insan şüurlu şəkildə öz əməllərini bu səsə uyğun olaraq tənzimləyirsə, deməli o, mənəviyyat yolunu tutmuş olur, mənəviyyatlı olur. Bütün əməllərində mənəviyyat yolunu axtarır, həqiqəti arayır, öz səylərini nümayiş etdirir və bununla da həqiqət yoluna layiq görülür. Məhz belə bir insanı Allah mütləq doğru yola yönəldir. Öz vicdanının səsinə heç zaman qulaq asmayan, onu yuxuya verən və arası kəsilməyən günahların zülməti ilə onun səsini boğan kimsələr isə mənəviyyatsızlıq yoluna yönəlmiş olurlar. Hər iki halda seçim insanın öz əlindədir. İnsan bu və ya digər yolu seçməkdə azaddır. Məhz bu, bizim yaradılışımızın mahiyyəti,nazil olan vəhylərin, peyğəmbərlərin və kitabların mahiyyəti, dünya həyatının yaradılış mahiyyətidir. Əməllərimizə mənəviyyat nöqteyi-nəzərindən baxdıqda, qeyd etmək lazımdır ki, insan etdiyi əməllərin mənəvi məsuliyyətini yalnız şüurlu və öz iradəsilə icra etdiyi halda daşıyır. Yalnız belə olduqda bu əməllərin üzərinə mənəvi məsuliyyət qoyulur və yalnız o zaman onlar insanın günahlandırılmasına və məhkum olunmasına, yaxud da mədh edilməsinə səbəb olur. Əks halda, öz əməllərinin mənasını dərk etməyən insanlar (körpələr, ağlını itirənlər və s.) və yaxud onları öz iradələrinə zidd olaraq icra edən kəslər bu əməllərə görə məsuliyyət daşımırlar. Şübhəsiz ki, insanların mənəvi ehtiyacı fitridir. Bunlar əzəldən insan təbiətinə qoyulmuşdur. Lakin onlar bir növ mənəvi instinktlər, hələ açılmamış, aydınlaşmamış mənəvi anlayışlar hesab olunur. Zaman keçdikcə belə mənəvi anlayışlar insanda onun şəxsiyyəti, daxili aləmi, individual seçiminə uyğun olaraq tam formalaşır. Formalaşmış mənəviyyat insanın daxili mənəvi nizamlayıcısının Allah-Təalanın təyin etdiyi mənəviyyat qanunları ilə uyğunluğuna səbəb olur. Lakin əgər insanın daxili aləmi öz fitri mənəvi ehtiyaclarına rəğmən, gerçəkləşdiyi zaman ilahi mənəviyyat qanunları ilə ziddiyyət təşkil edərsə, onda belə bir insanın qəlbində mənəviyyatsızlıq hökm sürəcəkdir. Mənəviyyatsızlıqdan doğan əməl və hərəkətlər isə günah adlanır. Günahın təhlükəsi qeyri-ixtiyari olaraq insanın daxili, ruhani aləmini və bununla da, onun şəxsiyyətini bütünlüklə özünə tabe edir. Mənəviyyatsızlığın toxumları hesab olunan günahlar öz müəllifləri tərəfindən tam şüurlu şəkildə həyata keçirilir. Günahın əksi - yaxşı, saleh əməldir. Onun cücərtiləri hər bir insanda mövcuddur - o, təbii xeyirxahlığın rəmzi kimi insan təbiətinə, onun qəlbinə Yaradanın Özü tərəfindən bir lütf olaraq aşılanmışdır. Lakin o, yalnız insanın əməllərinin Allah-Təalanın təyin etdiyi və vəhy şəklində bütün bəşəriyyətə nazil etdiyi mənəviyyat qanunları ilə uyğun olduqda saf və kamil ola bilər. Qiyamət gününədək Allah tərəfindən hər cür təhriflərdən qorunan son ilahi kitab - sonuncu peyğəmbərimiz həzrət Məhəmmədə nazil olan Quran insanın ilahi qanunlara tabe olma sistemini İslam adlandırır. İslam Adəm peyğəmbərdən başlayaraq Qiyamət gününə qədər bəşəriyyəti səadətə qovuşduran bir yoldur. Əslində bu elə din anlayışının həqiqi izahıdır. Bu, yalnız ilahi mənəviyyat qanununa əsaslanan inanc (dünyagörüşü) sistemlərinin və həyat tərzinin məcmusudur. İslam aydın və qəti olaraq bəyan edir ki, insanın yaradılışından məqsəd ilahi mənəviyyat qanunlarına sarılmaqla Allaha yetişərək əbədi səadətə - dünya və axirət səadətinə qovuşmaqdır. Bu din bizə insanın dünya həyatının sınaq, fədakarlıq dövrü, gələcək əbədi həyata hazırlıq dönəmi olduğunu öyrədir. Deməli, bu dünyadakı həyatımızın əsas məqsədi qarşıdakı əbədiliyə lazımi şəkildə hazırlaşmaqdan ibarətdir. Dünya həyatı qısa və təkraredilməzdir, çünki insan yer üzündə yalnız bir dəfə yaşayır. Ona görə də, öz həyatımızı məhv etmək istəmiriksə, bu dünyada yaxşılıqlar etməli, saleh əməl sahibi olmalıyıq, çünki məhz bu əməl və xeyirxahlıqları Allah-Təala əbədilik qapısında bizdən tələb edəcək. Hər bir müsəlman Allahın köməkliyi ilə həyatını saleh əməllərə yönəltməsi baxımından öz dünya həyatının müəllifidir. Lakin xeyirxah bir insan olmaq üçün o, nöqsan və qüsurları ilə mübarizə apararaq öz üzərində işləməli və özündə xeyirxah və ilahi keyfiyyətləri inkişaf etdirməlidir. Bu mübarizə və cəhdlər, dünya həyatının bu fədakarlığı hər bir müsəlman üçün zəruridir. Uca Tanrı buyu-rur: "Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır)" (74;38) Hər bir insanın həyatındakı bu fədakarlığın nəticəsində onun mənəvi siması hasil olur. O, bütün dünya həyatı boyu özünü islah etməyə, öz daxili aləmini saflaşdırmağa və mənəvi kamilliyə yetişməyə cəhd etməlidir. İslam nöqteyi-nəzərindən həyat cəhd, mübarizə, fədakarlıqdır, daima xeyirxahlıq və kamilliyə can atmaq yoludur. Bu yolda dayanmaq isə mümkün deyil. Öz üzərində işləməyi dayandıran insan olduğu kimi qalmayacaq, mütləq daha pis olacaq - yuxarı atılan və yüksəlməyi dayandıran daş kimi havada asılı qalmayacaq, mütləq aşağı düşəcək... İslam əbədi səadətə qovuşmağın aydın yolunu göstərir. O səadətə ki, həm dünya, həm də axirət həyatımızı əhatə edir. Dünya həyatının səadəti Allahın bəxş etdiyi qəlb rahatlığı, ruhun şad olmasıdır, bunu isə yalnız mənəviyyat qanunları ilə yaşamaqla əldə etmək olar. Günahlar isə bizi mənəviyyat qanunlarına uyğun olaraq yaşamaq imkanından və deməli, qəlb rahatlığından məhrum edir, bunu da başqa heç nə, heç nə ilə əvəz etmək mümkün deyil! Beləliklə, günahlar bizim xoşbəxtliyimizin düşmənləridir. Hər bir günah, istisnasız olaraq, səadətin əsas düşməni və maneəsi olduğu üçün, aydın məsələdir ki, səadətə can atan insan hər cür günahdan qaçmalı və Tanrıdan bütün günahlarla mübarizə etmək üçün mərhəmət və kömək diləməlidir. Mənəviyyat - insanın daxili aləminin, qəlbinin müsbət quruluşu və onun Allahın qanunlarına uyğun olaraq əbədi xeyrə doğru can atmasıdır.
                                                    Elşən Mustafaoğlu
                                                    manevisafliq.org

  [Məqalələr] | Oxunub: 1070 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz