111. Kim bir günah qazansa, əslində (hətta maddi
fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən və
hikmətlidir.
112. Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi
və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz,
boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür.
113. Əgər Allahın lütf və mərhəməti sənin halına
şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına
gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan
vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi)
sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə
böyükdür.
114. Onların gizli söhbətləri və (bir-birlərinin
qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların
arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir
yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat
verəcəyik.
115. Kim hidayət yolu ona aydın olduqdan sonra
Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan
başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər
və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir.
116. Şübhəsiz, Allah Ona şərik qoşulmasını
(bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları)
istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik
qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür.
117. Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin
ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz
Şeytanı səsləyirlər.
118. Allah ona lənət etdi və onu Öz rəhmətindən
uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən
bir pay götürəcəyəm». (Dünyada bütün kafir və fasiqlər, axirətdə isə müqəssir kafirlər
və şəfaətin şamil olmadığı fasiqlər onundur.)
119. «Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı)
arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat
və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh və cismdəki)
xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri
itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın
yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
120. Şeytan onlara vədə verir və arzulara daldırır.
Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.
121. Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa
əsla bir yol tapmazlar.
122. İman gətirib yaxşı işlər görənləri tezliklə
(ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada
əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan
kimdir?!
123. (Axirətdə mükafat və cəzanın verilməsi)
nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki,
özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis
bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən
tapmayacaqdır.
124. Kişi və ya qadınlardan mömin olaraq yaxşı
işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta
xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir.
125. Kimin dini yaxşı əməl sahibi olub (şəriət
baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən
şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.
126. (Hər bir şeyin yaradılışı, qorunması, idarə
olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu
üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi
mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir.
127. Səndən qadınlar (onlarla evlənmək və onların
irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz
kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış
haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində,
eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və
(Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz
Allah gördüyünüz hər bir xeyir işi bilir.
128. Əgər bir qadın öz ərinin itaətsizliyindən
ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından
keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur.
(Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların)
canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri
çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən
xəbərdardır.
129. Siz hər nə qədər çox istəsəniz də, heç
vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə
də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən
şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz
Allah həmişə bağışlayan və mehribandır.
130. Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən
ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər.
Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm
yaradılış sahibidir.
131. Göylərdə və yerdə olanlar (onların özləri
də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab
verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq
etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və
yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və işlərində)
təriflənəndir.
132. Həm göylərdə və həm də yerdə nə varsa
(onların hamısı) Allahın həqiqi mülküdür. (Varlıq aləminin işlərini) qaydaya salmaq
üçün Allah bəs edər.
133. Ey insanlar! Əgər istəsə sizin hamınızı
aradan aparar və başqa bir dəstəni (vücuda) gətirər. Allah bu işə həmişə qadirdir.
134. Kim dünya mükafatını istəsə (bilsin ki),
dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona
verər). Allah həmişə eşidən və görəndir.
135. Ey iman gətirənlər, (bütün işlərinizdə)
hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə
və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən
tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq
haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa)
daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz
çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz,
(bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır.
136. Ey Allaha iman gətirənlər, Allaha və Onun
peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba
(bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən)
iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim
Allaha və Onun mələklərinə, (səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və
axirət gününə kafir olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.
137. Həqiqətən Allah iman gətirib sonra kafir
olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini
artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir. (İman və
küfr halları bir neçə dəfə təkrar olunmuş və nəhayət küfr üzərində dayanan kəslər
iman gətirməyə nail ola bilməzlər.)
138. Münafiqləri (Bərzəx aləmində və Qiyamətdə)
onlar üçün ağrılı bir əzab olacağı ilə müjdələ.
139. Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri
özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların
(kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər
Allaha məxsusdur.
140. Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin
68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə
edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir
yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin
və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.
141. (Həmin) o kəslər(i) ki, həmişə sizə bir
hadisə (üz verməsini) gözləyirlər. Beləliklə, əgər Allah tərəfindən sizə bir qələbə
yetişsə, «məgər biz sizinlə birgə deyildik? (Odur ki, qənimətlərdən bizim də payımızı
verin)» deyərlər. Əgər (qələbədən) kafirlərə bir pay düşsə, (kafirlərə) deyərlər:
«Məgər biz (söhbətdə) sizə qalib gəlmirdik (ki, qələbə çalmaq üçün öz əqidələrinizdən
möhkəm yapışın)?; məgər döyüşlərdə sizə qalib gəlmirdik və sizdən əl götürərək,
sizi möminlərdən (onların zərər-ziyanlarından)qorumurduq? (Buna görə bizi də qənimətə
şərik edin)». Allah Qiyamət günü sizin aranızda hökm edəcəkdir. Allah heç zaman
kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır.
142. Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik
edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır).
Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq
edir və Allahı çox az yada salırlar.
143. Onlar bu arada (möminlərlə kafirlər arasında,
qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və
nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa
bilməzsən.
144. Ey iman gətirənlər, möminlərin yerinə kafirləri
özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza
dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?
145. Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər
və onlar üçün əsla bir yardımçı tapmayacaqsan.
146. Tövbə edib (öz vücudlarının cövhərindən
və əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan (və Onun kitabından) möhkəm
yapışanlar və dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə
birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir.
147. Əgər şükr etsəniz və iman gətirsəniz, Allah
sizə əzab verməyi neyləyir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyri var)?! Allah
həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.
148. Allah zülmə məruz qalmış şəxs istisna olmaqla
(qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin
aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir.
149. Əgər yaxşı işi aşkar etsəniz, ya gizlətsəniz,
yaxud pislikdən (başqalarının pisliklərindən) keçsəniz (bunların hamısında ilahi
xislətlərə yiyələnmisiniz və) həqiqətən Allah həmişə (günahlardan) keçən və qüdrətlidir.
150. Əlbəttə Allaha və Onun peyğəmbərlərinə
kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və
onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman
gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə
hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər –