İslamda heç də ənənəvi olmayan bu mövu son vaxtlar
aktuallaşır. Allahı, onun elçisini, kitabını qəbul edən şəxslər bunun
müqabilində heç bir məzhəbə, təriqətə mənsub olmadıqlarını vurğulayırlar. İlk
baxışda bu fikir heç də zidd görünmür, lakin batini cəhətdən bu düşüncə tərzi
özü-özünə ziddir. Ümumiyyətlə bu cür inanc mümkün deyil, sadəcə olaraq öz-özünü
müəyyən müddətə aldatmaqdır.
Maraqlıdır nə üçün bu cür düşüncə sahibləri əsasən
İslama gələn yeni gənclərdir?! Əslində onlar İslamı canlı şəkildə yaşamaq istəyənlərdir. Quranda
buyurulur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin
firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi
Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”
(“əl-Ənam”, 159). Göründüyü kimi bu ayədə İslamı firqələrə ayıranlara qarşı
kəskin xəbərdarlıq olunur. Ümumiyyətlə Həzrəti Peyğəmbər (səllallahi aleyhi və
Alihi və salləm) daima müsəlmanlara qardaşlaşmağı, bir-birini sevməyi, ayrı
düşməməyi əmr etmişdir. Çünki Allahın dini kamil dindir və heç kimin bu dini təhrif
etməyə nə haqqı, nə də gücü çatır. Quranda buyurulur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və
sizin üçün din olaraq İslamı bəyənib seçdim” (“əl-Maidə”, 3).
Özlərinin “Məzhəbsizlik” ideyalarını müdafiə edən şəxslər
məhz bu ayələri dəlil göstərərək məzhəblərə parçalanmağın qadağan edildiyini və
hər hansı bir məzhəbi qəbul etməyin batil olduğunu iddia edirlər. Lakin bu cür
fikirlər sadəcə olaraq elmin az olmasından qaynaqlanır. Çünki bu gün
ardıcılları üstünlük təşkil edən İmam Cəfər Sadiq (ə), İmam Malik, Əhməd ibn Hənbəl
və s. alimlər heç vaxt İslamda ayrı bir cərəyan yaratmağı qarşılarına məqsəd
qoymamışlar. Həmin şəxsiyyətlərin cızdıqları elm cığırı sonradan müsəlmanlar
üçün hidayət işığı olmuş və müsəlmanlar bu elmdən faydalanmışlar.
Bu gün müsəlmanlar arasında fiqhi fərqlər mövcuddur. Bu
fərq təkcə şiələrlə sünnə əhli arasında deyil, həmçinin sünnilərin öz məzhəbləri
arasında da mövcuddur. İslama fərqli prizmadan baxan bir çox məzhəblər var.
Onların hər birinin öz üsulu, fiqhi, elmi var.
Maraqlıdır ki, “Məzhəbsizlər” hansı fiqhə malikdirlər? Yəni onlar İslami hökmlərdə nədən
yararlanırlar?!
Məlumdur ki, müsəlmanların ən mötəbər və mühim mənbəsi
Qurandır. Amma Quranda fiqhi hökmlər tam açıqlığı ilə göstərilməmişdir. Bunun
üçün Peyğəmbərin (s) hədislərindən istifadə olunur. Bəs məzhəbsizlər hansı mənbələrdən
istifadə edir? Əgər “Üsuli Kafi”, “Biharul-ənvar”, “Vəsailüş-şiə” əsərlərinə
müraciət etsə şiə alimlərinə təqlid etmiş olar. Yox əgər “Səhih Buxari”, “Səhih
Müslim”, “Sünəni Tirmizi”yə yaxınlaşsa fiqhini sünnilərdən öyrənmiş olacaq!
Bəs namazda hansı elemenləri qəbul etmək olar?! Məsələn,
sünnilər səhabələrdən nəql olunan rəvayətlərə əsasən namazda əllərini
bağlayırlar (bu əməl onlarda müstəhəbdir). Şiələr isə bunun tam əksinə olaraq
Əhli-beytdən (ə) nəql olunan hədisləri qəbul edərək əlləri bağlamağı haram
bilirlər. İndi bunlardan hansını seçmək olar?
Deməli bir seçim yolu qalır: Bunların qarışığından ibarət
fiqh yaratmaq. Deməli ümumilikdə “Məzhəbsizlik” yolu getmək elə yeni fiqh, yeni
məzhəb yaratmaq deməkdir.
Beləliklə demək olar ki, “Məzhəbsizlik” hər hansı bir məntiqə,
elmə söykənmir. Bu yox olmağa məhkum əqidədir. Biz müsəlmanların vəzifəsi
İslamda yeni fiqh, məzhəb yaratmaq əvəzinə, möhkəm araşdırma aparıb haqq yolunu
tapmaqdır. Allah-Təala bütün müsəlmanları bu yolda müvəffəq etsin!
|