«Məhəmməd – yenidən
tanınmalı olan peyğəmbər» adlı kitabın müəllifi rumuniyalı Konstan Virjil öz
kitabında iki mətləbi çox gözəl canlandırıb. Əlbəttə bu kitabda zəif nöqtələr
çoxdur və bu, onun bütün tarixi sənədlərdən lazımı dərəcədə baş çıxarmamasından
irəli gəlir. Onun çox yaxşı təsvir etdiyi iki şeydən biri Peyğəmbərin (s)
yaşadığı cəmiyyətdəki mövqeyidir. Peyğəmbər (s) elə bir şəraitdə yerləşmişdi
ki, onun siyasi-ictimai baxımdan heç bir ümid yeri yox idi və bütün şərait ona
qarşı idi. Onunla qələbə arasında bir tük qədər də olsun bağlılıq yox idi. Amma
o həzrət heç vaxt öz iradəsini əldən vermirdi. Peyğəmbərin iradəsi bütün
hallarda bir zərrə belə titrəməyən dağ kimi idi. Doğrudan da Peyğəmbərin (s) həmin
23 il ərzində ruhiyyəsi çox maraqlıdır. İnsan həmin dövrün tarixini oxuyanda
heyrətə gəlir. Peyğəmbərin (s) zamanında yaşamış Həssan ibni Sabitdən olan bu
misrada doğrudan da çox düzgün deyilib:
Ləhu himəmun la muntəha likibariha
Və himmətuhus-suğra əcəllu minəddəhri.
Yəni: Onun
böyüklüyünün sonu olmayan himmətləri var; ən kiçik himməti isə zəmanədən
böyükdür.
Bundan əlavə Peyğəmbər
(s) zahiri və fiziki qüdrət baxımından da qüvvəli adam olub. Onun bədəni qəhrəman
və igid pəhləvan kimi olub. O, güclü və şücaətli olub. Kök və ya arıq deyil,
ortabab olub. Bədəni əzələli olub. Əzələdən məqsəd budur ki, o həzrətin bədəni
idmançı bədəni kimi olub. Ümumiyyətlə o həzrətin şücaəti o dərəcədə olub ki,
Əli (ə) bu barədə belə buyurub: Biz, çətin vəziyyətlərdə Peyğəmbər (s)-ə pənah
aparırdıq.
Mən
1966-cı ildə ilk dəfə olaraq Məkkəyə getmişdim. Həmin vaxt Məkkədə maraqlı və təəccüblü
bir yuxu gördüm. Mən yuxuda Peyğəmbəri (s) arxadan gördüm; onun çox təəccüblü bədəni
var idi və elə yuxudaca Əmirəl-möminin Əli (ə)-ın həmin cümləsini xatırladım.
Öz-özümə dedim ki, Əli (ə) boş yerə belə deməyib: «Biz çətin vəziyyətlərdə Peyğəmbərə
(s) pənah aparırdıq.»
Bəli,
Peyğəmbər (s) şücaətli və güclü olub, həmçinin güc və şücaəti də tərifləyib.
Deməli, islamda güc və qüdrət tə᾽riflənib,
yə᾽ni bu din, onları
insan üçün lazımı dəyər kimi qiymətləndirib.
İndi
qısa da olsa demək istəyirəm ki, güc və qüdrət islamda digər insani dəyərlərlə
yanaşı dayanan bir dəyərdir və həmin dəyərlər hamısı birlikdə əl-ələ verərək
islamın kamil insanını yaradırlar. Əlbəttə bu barədə gələn söhbətlərimizdə
geniş danışacağıq. Niçe bütün dəyərlər içərisində yalnız bu dəyəri görüb. Mə᾽lumdur ki, əgər ağacın bütün
budaqlarını kəsərək yalnız bir budağını saxlasalar, həmin bir budaq inkişaf edər
və digər budaqlar məhv olaraq aradan gedər. Niçe məktəbi ilə islam məktəbi
arasındakı fərq budur ki, Niçe məktəbində insanlığın yalnız bir dəyəri var və
o, güc və qüdrətdən ibarətdir. Deməli, digər dəyərlər məhv edilərək bu bir dəyərə
qurban edilir. Amma islamda, qüdrət digər ali dəyərlərdən biridir. Bu dəyər,
digər dəyərlərlə yanaşı gətirildikdə lazımı forma alır.
|