Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

52. Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükr edəsiniz.

53. Və (yadınıza salın) o zaman(ı) ki, Musaya (səma) kitab(ı) və (haqqı batildən) ayıran verdik ki, bəlkə hidayət olunasınız.

54. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır.» Beləliklə (belə etdikdən sonra), Allah sizə nəzər saldı və sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox tövbə qəbul edən və mehribandır.

55. Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik.» Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu.

56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükr edəsiniz.

57. Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik (və dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin.» Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər.

58. Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(ilahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.

59. Lakin zülm edənlər (Allahın kəlamını) onlara deyiləndən başqa şəkilə saldılar (məsələn, günahların bağışlanmasını istəmək əvəzinə buğda istədilər). Biz də zülm edənlərə itaətdən çıxdıqlarına görə göydən əzab nazil etdik.

60. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on iki qəbilə üçün) on iki çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin.»

61. Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.» Musa dedi: «Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır». Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar.

62. Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar.

63. Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi əzmlə, möhkəm iradə ilə qəbul edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».

64. Həmin vaxt, ondan sonra siz (öz əhd-peymanınızdan və deyilənləri qəbul etməkdən) üz döndərdiniz. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı (sizə tövbə etməyi nəsib etməsəydi), mütləq zərər çəkənlərdən olardınız.

65. Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular.)

66. Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik.

67. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allah sizə (naməlum şəxsin qatilinin kimliyinin bilinməsi üçün) dişi bir inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi məsxərə edirsən?!» Dedi: «Nadanlardan olmaqdan Allaha pənah aparıram.» (Çünki, məsxərə etmək nadanların işidir.)

68. Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın»? Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»

69. Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın.» Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir.»

70. Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq.»

71. Dedi: «Rəbbiniz deyir ki, o, yer şumlamaq və əkin yerini suvarmaq üçün ram olmayan dişi bir inəkdir, sağlamdır (nə bir nöqsanı var və nə də bir iş görüb) və onda əsl rənginə zidd olan rəng ləkəsi yoxdur.» Dedilər: «İndi (bu məsələ barəsində) həqiqəti gətirdin». Beləliklə, onun (inəyin) başını kəsdilər, (hərçənd ki,) elə etməyə razı deyildilər.

72. Və (yadınıza salın) o zaman(ı) ki, bir nəfəri öldürüb, onun (qatili) barəsində mübahisəyə başladınız və Allah, gizlətdiyinizi aşkar etmək istəyirdi.

73. Buna görə də dedik: «(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın).» Allah ölüləri bu cür dirildir və Öz (tovhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz.

74. Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır.) Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.

75. (Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər.

76. İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bir-birlərinə) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər.

77. Məgər onlar bilmirlər ki, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir?!

78. Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər.

79. Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə!

80. Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!»

81. Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar.

82. İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.

83. Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz.

84. Və (yadınıza salın) o zaman(ı) ki, sizdən «bir-birinizin qanını tökməyin, bir-birinizi öz evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz və ona şahidsiniz.

85. (Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi. Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir.

86. Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır.

87. Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!

88. Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az iman gətirirlər (səma kitablarının müştərək yerlərinə və ya öz nəfsi istəklərinə uyğun olanlara iman gətirirlər).

89. Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Qur’an) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə!

90. Özlərini satdıqları şey - Allahın Öz lütfü ilə istədiyi bəndəsinə (kitab) nazil etməsinə paxıllıq etdikləri üçün Onun nazil etdiyinə kafir olmaları - nə qədər də pis bir şeydir. Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır.

91. Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»

92. Həqiqətən Musa sizə möcüzələr və açıq-aydın dəlillər gətirdi, lakin siz ondan (o, Tur dağına getdikdən) sonra (özünüzə və Allahın ayələrinə qarşı) zülm edərək buzova sitayiş etməyə başladınız.

93. Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınız üzərinə qaldırdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi ciddiyyətlə öyrənin, eşidin və qəbul edin.» Onlar (dilləri ilə) «eşitdik», (qəlbləri ilə isə) «itaətsizlik etdik» dedilər və küfrlərinə görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi. De: «Əgər möminsinizsə (və buzova pərəstiş etməyi, peyğəmbərləri öldürməyi və təkzib etməyi sizə imanınız əmr edirsə), onda imanınızın sizə əmr etdiyi şey nə qədər də pisdir!»

94. De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın.»

95. Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. Allah zalımların (halından) xəbərdardır.

96. Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir.

97. («Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur’anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib.»

98. Kim Allah, Onun mələkləri, peyğəmbərləri, Cəbrail və Mikail ilə düşmən olsa (kafirdir və) şübhəsiz Allah da kafirlərə düşməndir.

99. Həqiqət budur ki, Biz sənə aydın və aydınlıq gətirən ayələr nazil etdik və onlara ancaq fasiqlər kafir olarlar.

100. Nə üçün onlar nə vaxt (Allah və Onun peyğəmbərləri ilə) əhd bağlayıblarsa, onların bir dəstəsi onu pozub?! (Bunlar nəinki əhdi pozurlar,) hətta əksəriyyəti iman gətirmir.

Ardı

İstifadəçi girişi
Təqvim
«  Mart 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz