QİƏT xarici işlər nazirlərinin İrəvan toplantısı ilə eyni vaxtda Yaponiya və Pakistanda da əhəmiyyətli tədbirlər keçirildiyindən, Türkiyə xarici işlər nazirinin İrəvana gedib-getməyəcəyi hələ dəqiqləşməyib “Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Bu çox qarışıq mövzudur. Türkiyə ilə Ermənistan arasında baş verənlər isə daha sadə məsələlərdir”. ANS PRESS-in məlumatına görə, bunu yerli “Kanal 24” televiziyasına verdiyi müsahibədə Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Əli Babacan, 16-17 aprel tarixlərində İrəvanda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısı ilə eyni vaxtda Yaponiya və Pakistanda da çox əhəmiyyətli toplantıların keçiriləcəyini də bildirib. Türkiyəli nazir deyib ki, bu səbəbdən də İrəvana gedib-getməyəcəyi məlum deyil. Nazir Ermənistana səfər etmək üçün heç kimdən çəkinmədiyini də bəyan edib. Ermənistanla münasibətlərin qurulması istiqamətində proseslərin normal inkişaf etdiyini deyən Əli Babacan bəyan edib ki, hədəfləri iki ölkə arasındakı əlaqələrin normal vəziyyətə gətirilməsidir.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Azərbaycanın və Ermənistan arasında problem yaşanır və ATƏT-in Minsk Qrupu həmsədrləri hər iki ölkənin paytaxtında görüşlər keçirib. O, özünün də həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistan prezidenti Serj Sarkisyanla görüşdüyünü xatırladıb. Əli Babacan Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində inkişaf olduğunu, lakin Türkiyə-Ermənistan münasibətlərinin daha sürətlə inkişaf etdiyini açıqlayıb. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli daha çətin problemdir. Türkiyə ilə Ermənistan arasında baş verənlər isə bu münaqişə ilə müqayisədə daha sadə məsələdir. Bu baxımdan, Əli Babacan Türkiyə-Ermənistan arasındakı münasibətlərin sürətlə inkişaf etməsinin və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının isə ikinci planda qalmasının təbii olduğunu ifadə edib. /ANSPRESS/