Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

 Əl-Maidə (Süfrə) surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.

2. Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.

3. Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.

4. Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir.

5. Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.

6. Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.

7. Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.

8. Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.

9. Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.

10. Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.

11. Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.

12. Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.

13. Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir.

14. «Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.

15. Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.

16. Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir.

17. Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir.

18. Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.

19. Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.

20. Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».

21. «Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı və qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin və arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız.»

22. Dedilər: «Ey Musa, həqiqətən orada qüdrətli və zalım bir dəstə var və onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq».

23. (Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: «Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin».

24. Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».

25. (Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».

26. (Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».

27. Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir».

28. «Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram».

29. «Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı və) mənim (digər) günah(lar)ımla və öz günahlarınla (Allah dərgahına) qayıdasan və Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası»!

30. Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.

31. Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.

32. Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başladılar.

33. Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.

34. Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır.

35. Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.

36. Şübhəsiz, əgər yer üzündə olanların hamısı və üstəlik bir o qədəri də kafirlərin olsa ki, onu Qiyamət gününün əzabı(ndan qurtulmaları) üçün fidyə versinlər, onlardan qəbul olunmaz. Onlar üçün ağrılı bir əzab vardır.

37. Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.

38. (Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.

39. (Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.

40. Məgər göylərin və yerin həqiqi səltənət və mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması və yox etmək, bunların hamısı Onun iradə və istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət və hikmətə uyğun olaraq) əzab verər və istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir.

İstifadəçi girişi
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz