1. Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan)
ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan
və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini
yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların
birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı
ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət
qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən
bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini
qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.
2. Və yetimlərin mallarını (onlar həddi-büluğa
çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə)
pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları
ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki,
həqiqətən bu, böyük günahdır.
3. Əgər yetim qızlar barəsində (həmin dövrün
adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız,
onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və
əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla,
ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm
etməməyinizə daha yaxındır.
4. Və qadınların mehriyyələrini onlara könül
xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib,
onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir
şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.
5. Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi
mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə)
verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla
bəyənilən bir tərzdə danışın.
6. Yetimləri evlənmək həddinə (hər bir insanın
və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə)
çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf
görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə
(və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik
yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan)
çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da
yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün
şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab
çəkəndir.
7. Kişilərin ata, ana və yaxın qohumlarının
qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının
qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib
bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun
miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).
8. Miras bölgüsü zamanı orada (vərəsələrdən
olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir
şey verin və gözəl, bəyənilən söz deyin.
9. Özlərindən sonra (yaş və ya ruhi cəhətdən)
zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək
(başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını
zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri
ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində
ədalətə riayət etsinlər).
10. Həqiqətən yetimlərin mallarını zülm ilə
yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki
gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm
arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar.
11. Allah sizə övladlarınız(ın mirası) barəsində
oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir.Beləliklə, əgər (varislərin
hamısı) qadın - (iki qız və ya) iki qızdan çox - olsalar (ilkin hökmə əsasən, ölənin)
mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə
də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər
ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa,
onun ata və anasının hər birinə mirasın altıda biri verilir.Əgər övladı yoxdursa
və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır.Əgər
ölənin qardaşları varsa, malın altıda biri anasınındır.(Bütün bunlar) onun etdiyi
vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız
və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz.(Buna
görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona
etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən Allah
həmişə alim və hikmət sahibidir.
12. Əgər arvadlarınızın (sizdən, yaxud başqa
bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin
maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa
onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən)
övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan
sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın
səkkizdə biri onundır. Əgər irsi bölünən kişi və ya qadının ata, ana və övladı olmasa
və onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa,
o ikisinin hər birinə mirasın altıda biri çatır (və əgər babaları olmasa qalan hissəsi
də onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı və ya hər ikisi
olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda
olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər.
(Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim və həlimdir.
13. Bunlar Allahın sərhədləridir (Onun sərhəd
kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah)
onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir.
Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!
14. Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik
etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa),
(Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab
vardır.
15. (Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin
əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin
vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə
əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək
onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə
saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol
kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)
16. (Ey İslam hakimləri) sizlərdən həmin əməli
(zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi
cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından
qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah
həmişə tövbələri qəbul edən və mehribandır.
17. Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın
öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan
qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır.
Allah həmişə bilən və hikmət sahibidir.
18. Daim günah edib ölümləri çatan zaman (öləcəyini
yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən
indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların
tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.
19. Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları
zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız
halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə
mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir
hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik
və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın
(amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla
onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa,
(yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda
çoxlu xeyir qoyur.
20. Bir arvadın (əvvəlki arvadınızın) yerinə
başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə
olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət
dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət
adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən
əl çəksinlər).
21. Onu necə geri alırsınız halbuki siz (cismi
və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah
vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!
22. Atalarınızın evlənmiş olduğu qadınlarla
- (cahiliyyət dövründə olub) keçən istisna olmaqla - evlənməyin. Həqiqətən də bu
iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur.
23. (Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:)
analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları
və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:)
süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq
etdiyiniz arvadlarınızın himayənizdə olan qızları - əgər onlarla yaxınlıq etməmisinizsə
onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur-eləcə də (oğulluğa götürdüyünüz
deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir
yerdə (eyni zamanda) almaq-(cahiliyyət dövründə olub) keçən istisna olmaqla-sizə
əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.
24. Və (həmçinin) ərli qadınlar - (müharibə
zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla - (sizə haram oldu). (Çünki onların
ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün
yazdığı və qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları
sizə halal oldu ki, günahdan çəkinən və zinadan uzaq halda öz mallarınızla (onlarla
evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz
qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan
sonra (mehriyyənin aradan götürülməsi və ya onun azaldılıb-çoxalması barəsində aranızda)
qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən Allah həmişə
(işlərin xeyrini) bilən və (şəriət və xilqətdə) möhkəm yaradılış sahibidir.
25. Sizlərdən azad və möminə qadınlarla evlənməyə
maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin.
Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri
vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin
icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil,
namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar
(kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası
azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə)
sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin
üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır.
26. Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq,
sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə
tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.
27. Həmçinin Allah sizə nəzər salmaq istəyir.
Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı
istəyirlər.
28. Allah (müvəqqəti evlənmək, kənizi almaq
və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri
müqabilində) zəif və aciz yaradılmışdır.
29. Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında
olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət
və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü
günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır.
30. Onu (başqasının malını yeməyi və birini
öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm
üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq.
Bu, Allaha asandır.
31. Əgər sizə qadağan olunmuş böyük günahlardan
çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik.
(Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına
görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar
böyükdür.)
32. Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən
üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şər’i, qanuni,
cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah
tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu
imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona
zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin
(ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən)
payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir
şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir
(hər bir kəsə onun xeyrinə olanı verir).
33. Ata-ana, yaxınlar və (evlilik, cərirə zəmanəti,
yaxud köləlikdən azad olma) əhd – peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri
hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı
fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər
müəyyənləşdirmişik (və onlar) ata-ana və onun (digər) yaxınları, həmçinin (evlilik,
cərirə zəmanəti, köləlikdən azad etmə və imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən
ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin.
Şübhəsiz, Allah hər şeyə şahiddir.
34. Allah bəzilərini (kişiləri düşüncə, ruh
və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün
kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik
və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə
məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün
öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar
və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında
olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla
bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin
və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu
çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra)
onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.
35. Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün
ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən
qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin
ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar.
Həqiqətən Allah bilən və xəbərdardır.