151. Tezliklə kafirlərin qəlblərinə Allahın,
(haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının
cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların
qalacaqları yer nə qədər də pis bir yerdir.
152. Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun
əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi,
o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum
edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən
üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi
dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq
üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah
möminlərə qarşı (böyük) mərhəmət sahibidir.
153. O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız
və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi
qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi
ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar
olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən
xəbərdardır.
154. Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif
bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə
isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə
xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey
düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində
sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər:
«Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi,
biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz,
(Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı)
yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah
sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı)
xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
155. Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı
gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara
görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan
və həlimdir.
156. Ey iman gətirənlər, kafir olan və səfərə
çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində
«əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər
kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət
etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.
157. Əgər Allah yolunda öldürülsəniz, yaxud
ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından
(dünya sərvətindən) daha yaxşıdır.
158. Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha
tərəf toplanılacaqsınız.
159. Beləliklə, Allah tərəfindən olan rəhmətin
bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli
olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et,
onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən
sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.
160. Əgər Allah sizə kömək etsə, sizə heç kəs
qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?!
Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
161. (Həm səmavi şəriətlər və həm də sağlam
ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə
öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət
etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində
tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir.
162. Belə isə, heç Allahın razılığına tabe olan
şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora
çox pis bir dönüş yeridir.
163. Onlar (möminlər və kafirlər) Allah yanında
təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə
də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.
164. Şübhəsiz, Allah möminlərin boynuna onlara
(mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları
paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən
bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın
bir azğınlıqda idilər.
165. Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində
yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz
(Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz)
- «bu müsibət necə və haradandır?» deyirsiniz?! De: «Bu sizin öz tərəfinizdəndir
(çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).» Həqiqətən Allah hər bir şeyə
qadirdir.
166. İki dəstənin bir-biri ilə qarşılaşdığı
gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin
öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum
etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).
167. Və münafiqləri məlum etməsi üçün! (Elə
ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!»-
deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar
həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində
olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.
168. Özləri (döyüşə getməyib evdə) oturan və
(doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə
«əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki,
siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən
dəf edin.»
169. Allah yolunda öldürülənləri əsla ölü zənn
etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.
170. (Onlar) Allahın Öz mərhəmətindən onlara
əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid
olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin
olacaqlar.
171. Onlar Allah tərəfindən olan nemət və bəxşişə
görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar.
172. (Ühüd döyüşündən və) yaralandıqdan sonra
(Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul
etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.
173. Həmin o kəslər (üçün) ki, camaat onlara
«(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma
(bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl
vəkildir».
174. Beləliklə, Allah tərəfindən olan bir nemət
(sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc)
ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe
oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.
175. Həqiqətən öz dostlarını (şayələrlə düşməndən)
qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən
qorxun!.
176. Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər.
Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə
görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.
177. Həqiqətən küfrü imanı vermək bahasına
(satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab
vardır.
178. Küfr edən kəslər onlara verdiyimiz möhlətin
öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün)
möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar.
Onlar üçün alçaldıcı bir əzab vardır.
179. Allah (Peyğəmbərə vəhy nazil etmək və ya
müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi
olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir.
Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və
bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların
arasından) istədiyini seçir (və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb
elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə
iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat
olacaqdır.
180. Allahın Öz lütf və rəhmətindən verdiyində
(səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların
xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik
etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü
boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı
yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.
181. Şübhəsiz, Allah (Onun insanlardan borc
istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin
sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini
yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.
182. Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz
işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.
183. Həmin o kəslər ki, «həqiqətən, Allah (səma
kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq
gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır» dedilər.
De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin
üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları
nə üçün öldürdünüz?!»
184. Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən
səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə)
aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular.
185. Hər bir canlı (mütləq) ölümü dadacaqdır.
Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan
və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı
maldan başqa bir şey deyildir.
186. Mallarınız və canlarınız barədə mütləq
imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən
və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə
də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər
eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük
və əhəmiyyətli işlərdəndir.
187. Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi)
kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız
və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı
və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir
qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də
pis bir şeydir.
188. Güman etmə ki, (səmavi kitabın ayələrini
gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri
şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar.
Onlar üçün ağrılı bir əzab vardır.
189. Göylərin və yerin həqiqi mülkiyyəti və
tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək,
bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.
190. Həqiqətən göylərin və yerin yaradılışında,
gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət,
elm və hikmətini göstərən) nişanələr vardır.
191. O kəslər ki, ayaq üstə, oturduqları halda
və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın
sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər:
«Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç
işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri
üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların
axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».
192. «Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm)
od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla
köməkçiləri olmayacaqdır».
193. «Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə
iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman
gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən
təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»
194. «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə
bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən
Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».
195. Beləliklə, Rəbbi onların dualarını qəbul
etdi ki: «Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin - istər kişi olsun ya qadın
ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız - əməlini zay etməyəcəyəm.
Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən
və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının)
altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır.
Gözəl mükafat yalnız Allahın yanındadır.»
196. Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə
və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!
197. (Bu, dünyadan) azacıq bir bəhrələnməkdir,
sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.
198. Lakin öz Rəbbindən qorxan kəslər üçün
(evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən
ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında
olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.
199. Əlbəttə, kitab əhlindən Allah qarşısında
təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən
Allaha, sizə nazil olana (Qur’ana) və onlara nazil olana (keçmiş səma kitablarına)
iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları
vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını
gecikdirmir).
200. Ey iman gətirənlər, səbrli olun və başqalarını
da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun
və Allahdan qorxun, bəlkə nicat tapdınız.