Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

51. «Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»

52. Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: «Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?» Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: «Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq.»

53. «Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz».

54. Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)

55. (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»

56. «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır.»

57. «İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir.»

58. Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır.

59. Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah olsunlar.)

60. (Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!

61. Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)

62. Şübhəsiz, (Həzrət Məsihin) haqq olan hekayət(i) budur. Allahdan başqa bir məbud yoxdur və əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi!

63. Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.

64. De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: «Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.»

65. Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!

66. Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.

67. İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.

68. Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.

69. Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).

70. Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!

71. Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!

72. Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Qur’an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər).»

73. (Həmçinin dedilər): «Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) - de: «Əlbəttə hidayət, Allahın hidayətidir» - ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: «Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.»

74. İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir.

75. Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.

76. Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır).

77. Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.

78. Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər.

79. Heç bir bəşərə yaraşmaz və mümkün deyil ki, Allah ona (səmavi) kitab və hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənim qullarım olun!» desin. Və lakin (ona belə demək yaraşar ki): «kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun.»

80. Həmçinin sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb götürməyi əmr etməsi yaraşmaz. Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?!

81. Və (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin. (Allah sonra) buyurdu: «Təsdiq etdinizmi və bu (məsələ) barədə Mənim təkid olunmuş əhd-peymanımı qəbul etdinizmi?» Dedilər: «Təsdiq etdik.» Buyurdu: «Belə isə, (bu əhd-peyman mübadiləsinə) şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.»

82. Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!

83. Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.

84. De: «Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik».

85. Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir.

86. İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz.

87. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır.

88. O lənətdə həmişəlikdirlər. Onların əzabı yüngülləşdirilməyəcək, onlara (rəhmət və ehsan) nəzər(i) salınmayacaq və qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilməyəcəkdir.

89. Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır.

90. Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.

91. Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır.

92. Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.

93. Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzrə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: «Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin).»

94. Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!

95. De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe olun.»

96. Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.

97. Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır (amanda olmalıdır). Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.

98. De: «Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid olduğu halda Allahın ayələrinə və nişanələrinə küfr edirsiniz?!»

99. De: «Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.»

100. Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.

Ardı

İstifadəçi girişi
Təqvim
«  Noyabr 2017  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2017
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz