251. Beləliklə Allahın köməyi ilə onları məğlub
etdilər və (Talutun əsgərlərindən olan) Davud Calutu öldürdü. Allah ona səltənət,
hökmdarlıq və hikmət (şəriət elmləri və əqli maarif) verdi və (Zəbur kitabı, gerçəklik
əsasında hökm çıxarmaq, quşların dilləri və dəmirdən zireh toxumaq kimi) istədiyi
şeylərdən ona öyrətdi. Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi
ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə
qarşı lütf və mərhəmət sahibidir.
252. Bunlar Allahın ayələridir (tovhid və qüdrət
nişanələridir) ki, haqq olaraq sənə oxuyuruq. Həqiqətən sən göndərilənlərdənsən.
253. Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini
bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi)
və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu
İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik.
Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların
ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar.
Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu
(və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri
ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar
sahibi) edir.
254. Ey iman gətirənlər, nə alış-verişin və
nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən
(Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!
255. Tək olan Allahdır ki, Ondan başqa bir məbud
yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir
və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək
və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı
(göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim
vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik,
o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari
şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın
keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa
heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri
əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu
deyildir. O, çox uca və böyükdür.
256. Dində (əqidənin əsasalarında) məcburiyyət
yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta
tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib)
aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına)
kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən
yapışmışdır. Allah eşidən və biləndir.
257. Allah iman gətirənlərin dostu və başçısıdır.
Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva)
nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki,
onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm
əhlidirlər və orada əbədi qalacaqlar.
258. Allahın verdiyi hökmdarlıq üzündən öyünərək
İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim
«mənim Rəbbim dirildən və öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm və
öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi:
«Həqiqətən (mənim) Allah(ım) günəşi şərqdən çıxarır, sən onu qərbdən çıxar!» Belə
olan halda kafir olmuş kəs, mat-məəttəl qaldı. Allah zalım qövmü əsla hidayət etmir.
259. Yaxud (evlərinin damı çökmüş və) divarları
damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən
(kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən
sonra necə dirildəcək?!» Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi
(və) dedi: «(Burada) nə qədər qalmısan?» Dedi: «Bir gün, ya günün bir hissəsini
(qalmışam)». Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib
və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə
yetirmək və) səni insanlara (Öz tovhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik).
Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir),
sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda,
dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb
yəqinlik əldə etdim).
260. (Yada sal) o zaman(ı) ki, İbrahim dedi:
«Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə
və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin
(gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş
götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır
və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın
başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər.
Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir».
261. Mallarını Allah yolunda xərcləyənlərin
(bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz
(ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi
yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün
neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir.
262. Mallarını Allah yolunda xərcləyib, sonra
etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların)
Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir
qorxu var və nə də qəmgin olarlar.
263. Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını)
bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və
həlimdir.
264. Ey iman gətirənlər, sədəqələrinizi malını
riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə
imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə
(azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz)
bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub
apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey
əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir.
265. Mallarını Allahın razılığını qazanmaq və
ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə
yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan
yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir.
266. Məgər sizdən kimsə (ağaclarının) altından
çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən
ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları
olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və
onun hamısının yanmasını istəyərmi?! Allah Öz ayələrini (dinin hökm və maarifini)
sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz (ki, məbada axirətdə, çox möhtac olduğunuz
halda öz xeyir əməllərinizi riya, minnət və küfr odu ilə yanıb məhv olmuş görəsiniz).
267. Ey iman gətirənlər, kəsb etdiklərinizin
və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və
halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək
fikrinə düşməyin. Halbuki (əgər) onu (sizin haqqınız müqabilində versəydilər) ancaq
göz yumaraq (və meylsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və (sifət
və işləri) təriflənmişdir.
268. Şeytan (hər dəfə mallarınızı Allah yolunda
xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri
əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir.
Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir.
269. Hikməti (şəriət hökmlərini və əqli və əməli
maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn)
şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir verilmişdir. Əsl
ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.
270. Şübhəsiz ki, Allah (haqq yolunda) xərclədiyiniz
hər bir malı
və (Allah yolunda) öhdənizə götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır).
(Ona xilaf çıxmaq zülmdür) və zalımlara əsla bir kömək edən olmaz.
271. Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz
o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün
daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır.
272. Onların (batini) hidayətləri sənin öhdəndə
deyildir (sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən
ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən
Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə öz xeyrinizədir və Allahın razılığını
qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin
və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı
və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq,
haqqınızdan kəsilməyəcəkdir.
273. (Sədəqələr) Allah yolunda (cihad, mallarının
qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar
olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar
üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları
üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki,
maldan xərclədiyiniz hər bir şeyi biləndir.
274. Öz mallarını gecə və gündüz, gizlin və
aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları
vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.
275. Sələm yeyən kəslərin (insanlar arasındakı)
duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu)
kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə
görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə
də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o (sələm yeməkdən) çəkinsə, keçənlər
onundur (onun sələm hökmünün nazil olmasından qabaq götürdüyü qazanc özününküdür)
və işi (axirət cəzası baxımından) Allaha aiddir. (Sələm yeməyə) qayıdan kəslər isə
Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
276. Allah sələmi məhv edir (sələmlə qazanılmış
malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir
günahkar nankoru sevmir.
277. Həqiqətən iman gətirib yaxşı işlər görən
və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları
vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.
278. Ey iman gətirənlər, Allahdan qorxun və
əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl
çəkin.
279. Və əgər belə etməsəniz (və sələmçiliyi
davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin
edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış
həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz
özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz,
nə də zülmə məruz qalarsınız.
280. Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində
olsa, onda imkanı olana kimi ona möhlət vermək (sizin öhdənizədir). Və sədəqə verməyiniz
(borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!
281. Allaha tərəf qaytarılacağınız, sonra hər
bir şəxsə qazandığının əvəzinin (və ya etdiyi əməllərin eynilə təzahürünün) kamil
surətdə veriləcəyi və onlara zülm olunmayacağı (və mükafatlarının azaldılmayacağı)
gündən qorxun!
282. Ey iman gətirənlər, (borc almaq və ya alver
etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini)
sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi
yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu)
imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər
boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur
səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən
(müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən
(dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından
biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək
üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq
müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz
Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə
düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş
istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman
şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla
haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə)
zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən
hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır.
Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.
283. Əgər səfərdə olsanız və katib tapmasanız
(sənəd və şahidin əvəzi) alınmış girovlardır. Əgər sizdən kimsə digər birinə inansa
(və girov almasa), gərək inanılan şəxs əmanətini (borcunu) qaytarsın və Rəbbi olan
Allahdan qorxsun. (Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun
qəlbi günahkardır. Allah əməllərinizi biləndir.
284. Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil
olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər
deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə
onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq,
(ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir.
285. Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi
və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə)
iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq».
Həmçinin dedilər: «Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik;
(hamının) qayıdış(ı) Sənə tərəfdir»!
286. Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə
qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər
deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey
Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin
boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi)
taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm
et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa)
kömək et».