Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

141. Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız.

142. Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kə’bəyə tərəf) nə döndərdi?» De: «Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir.» (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kə’bəyə üz tutmaq məsləhətdir.)

143. (Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun. Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır.

144. Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kə’bəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.

145. Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.

146. (Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi-səlləllahu əleyhi və alihi və səlləm-Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir.

147. Bu haqq (qiblənin dəyişdirilməsi hökmü və haqq olan hər hansı digər bir hökm) sənin Rəbbin tərəfindəndir. Odur ki, əsla şübhə edənlərdən olma.

148. Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.

149. Və haradan (səfərə) çıxsan, (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Şübhəsiz bu, sənin Rəbbin tərəfindən haqq (fərman)dır və Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.

150. (Bəli) və haradan çıxsan (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin ki, insanların zalımlarından (məntiqsiz söz danışanlarından) başqalarının sizə (irad tutmağa) bir dəlili olmasın (müşriklər deməsinlər ki, «İbrahimin dininin iddiasını etdiyi halda, onun qibləsi ilə müxalifdir» və ya kitab əhli «gəlməsi vəd edilmiş peyğəmbərin qibləsi Kə’bə olmalıdır, deməli bu şəxs həmin peyğəmbər deyil» deməsinlər). Odur ki, onlardan qorxmayın Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət olundunuz deyə Öz nemətimi sizə tamamlamağım üçündür.

151. (Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir).

152. Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükr edin və küfr və nemətlərimə nankorluq etməyin.

153. Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir.

154. Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz.

155. Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver.

156. O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər.

157. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!

158. Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və nişanələrindəndir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «sə’y» etməsində) ona (nəinki) heç bir günah yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı müşriklərin Səfa və Mərvənin hər birində bir büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «sə’y» əməlinizin haramlığına səbəb olmur). Hər kim vacib miqdardan artıq xeyir bir iş görsə (sə’y və təvafın sayını artırsa), Allah qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.

159. Həqiqətən (Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!

160. Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.

161. Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!

162. Əbədi olaraq onda (lənət içində) qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara (üzr istəmələri üçün) möhlət verilər.

163. Sizin tanrınız tək olan Allahdır, (ibadət edilməyə layiq) Ondan başqa bir tanrı yoxdur. O, bağışlayan və mehribandır.

164. Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır.

165. İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).

166. O zaman (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək və bütün əlaqə və bağlılıqları qırılacaqdır.

167. (Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər.

168. Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir.

169. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir.

170. (Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!

171. Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.

172. Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).

173. Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır.

174. Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.

175. Hidayət bahasına azğınlığı və bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə də səbrlidirlər!

176. O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər.

177. Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)

178. Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.

179. Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz.

180. Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.

Ardı

İstifadəçi girişi
Təqvim
«  Mart 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz